Ölümcül virusdan sonra ikinci təhlükə ACLIQ

Liberiya, Sierra Leona və Qvineyada fövqəladə vəziyyət davam edir, bu ölkələrdə rəsmi dairələr bağlı saxlanılır
Ölümcül virusdan sonra ikinci təhlükə ACLIQ

Qərbi Afrikada yayılan Ebola xəstəliyi yüzlərlə insanın canını almaqla yanaşı, bölgədə əkinçiliklə məşğul olan insanları öz fəaliyyətlərindən də məhrum edib

Qərbi Afrikada Ebola epidemiyasından ən çox təsirlənən Liberiya, Sierra Leona və Qvineyada fövqəladə vəziyyət davam edir, bu ölkələrdə rəsmi dairələr bağlı saxlanılır, yüzlərlə insanın həyatını itirdiyi ölkələrin sərhədləri tamamilə bağlanılıb, giriş-çıxışlara icazə verilmir, hava yolu şirkətləri bölgəyə uçuşları dayandırıb.

Tərəvəz-meyvə bazarları da bağlıdır. Artıq bir çox insanın ac olduğu xəbərləri yayılır. Dünya Aclıq Yardımı adlı Alman təşkilatının bölgə müdiri Jochen Moninger artıq 4 ildir Sierra Leonada yaşayır. Moninger keçən il bu ölkədə iqtisadi artımın 25 faiz yüksəldiyini, bu il isə Ebolanın bu rəqəmə təsir etdiyini, iqtisadi azalmanın müşahidə edildiyini söyləyib.

Xüsusilə, sərhəd bölgələrdə vəziyyətin çox dözülməz olduğunu ifadə edən Moninger kəndlilərin qida məhsulları gətirdikləri həftəlik bazarların da bağlanıldığını deyib.

Alman mütəxəssis epidemiya səbəbindən işçilərin hətta qonşu kəndə getməyə icazə verilmədiyini, tarlalarda heç bir iş getmədiyini və bu il heç bir hasilatın olmayacağı səbəbindən bölgədə aclıq və səfalətin pik həddə çatacağını deyib.

Moninger bildirib ki, 2015-ci ilin fevral ayından etibarən bu bölgədə yaşayan 150 min adama xaricdən qida yardımı etmək lazım gələcək.

Bütün xəbərlər Facebook səhifəmizdə