Bakıda beynəlxalq konqres öz işinə başlayıb

Bakıda beynəlxalq konqres öz işinə başlayıb

Bu gün Səhiyyə Nazirliyinin dəstəyi ilə paytaxt Bakıda XIII Beynəlxalq Avrasiya Cərrahiyə və Qastroenterologiya Konqresi öz işinə başlayıb. SİA-nın xəbərinə görə, konqresdə Səhiyyə Nazirliyinin və ATU-nun səlahiyyətli şəxsləri, habelə 22 ölkədən dəvət olunmuş 105 cərrahiyə və qastroenterologiya üzrə tanınmış mütəxəssisləri iştirak edirlər.

Tədbiri giriş sözü ilə açan Azərbayan Dövlət Tibb Unversitetinin rektoru Əhliman Əmiraslanov Azərbaycanda səhiyyə sahəsində əldə olunan uğurlar barədə məlumat verib. Onun sözlərinə görə, son 10 ildə Azərbaycanda səhiyyə sahəsi güclü inkişaf mərhələsi keçib: "Ümumilikdə 300 min kvadrat sahəsi olan səhiyyə ocaqlarının bir çoxu yenidən tikilib və ya əsaslı təmir olunub. Ölkədə fəaliyyət göstərən xəstəxanalar və klinikalar ən müasir tələblərə cavab verən tibbi avadanlıqlarla, istilik sistemi, qida və dərman preparatları ilə təmin olunub. Ölkənin səhiyyə siyasətinin bir istiqaməti, məhz bu yenilikləri təmin etməkdirsə, digər bir istiqaməti isə savadlı kadr hazırlanmasını reallaşdırmaqdır".

Azərbaycanın səhiyyə sistemində istifadəyə verilən yeni tibb ocaqlarının sayının artdığını deyən səhiyyə nazirinin müavini Elsevər Ağayev qeyd edib ki, son illərdə Səhiyyə Nazirliyinin tabeçiliyində olan, uzun illərdən bəri təmirsiz, bəzi hallarda isə yararsız vəziyyətdə olan bir neçə tibb müəssisəsi açılaraq əhalinin istifadəsinə verilib: "Yaxın günlərdə 50 min kvadrat metr sahəsi olan Bakı Sağlamlıq Mərkəzinin açılışı gözlənilir. Regionlarda yeni tibb müəssisələri açılır. Bu gün paytaxtla yanaşı, respublikanın ən ucqar rayonlarında da müasir tibb ocaqları, diaqnostika mərkəzləri yaradılır".

Tədbirin davamında xarici ölkələrdən dəvət olunmuş cərrahiyə və qastroenterologiya üzrə tanınmış mütəxəssislərin məruzələri dinlənilib.

Bütün xəbərlər Facebook səhifəmizdə