65 yaş həddinin ləğvi regionlarda həkim çatışmazlığını aradan qaldıra bilərmi? - PROFESSOR AÇIQLADI
Regionlarda həkim çatışmazlığı problemi yenidən gündəmə gəlib. Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov komitənin ötən gün keçirilən iclasında bildirib ki, 65 yaşına çatmış həkimlərin fəaliyyətini davam etdirməsinə imkan verilməsi ilə bağlı təklifin əsas səbəbi məhz bölgələrdə müşahidə olunan kadr çatışmazlığıdır. Onun sözlərinə görə, həkimlərin daha çox böyük şəhərlərdə çalışması regionlarda ciddi mütəxəssis qıtlığı yaradır. Bəs, 65 yaş həddinin ləğvi həkim çatışmazlığı probleminin həllinə nə dərəcədə kömək edə bilər? Regionlarda həkim çatışmazlığı nə dərəcədə ciddidir? 65 yaş həddinin ləğvi problemi azalda bilərmi?
Məsələ ilə bağlı professor Adil Qeybulla SİA-ya açıqlamasında bildirib ki, həkim çatışmazlığı dünyanın əksər ölkələrində mövcuddur və bu problem Azərbaycanda da müşahidə olunur:
“Amma bizdə vəziyyət bir qədər fərqlidir. Bizdə həkim çatışmazlığı ilə yanaşı, həkimlərin regionlar üzrə düzgün paylanmaması problemi də var.
Yəni Azərbaycanda əhalinin böyük hissəsi Bakı şəhərində cəmləşib. Deyilənlərə görə, Bakı şəhərində 6 milyona qədər əhali yaşayır və həkimlərin də böyük hissəsi məhz burada fəaliyyət göstərir. Regionlarda isə həm həkim çatışmır, həm də əhali Bakıya axın edir.
Əlbəttə, bu anormal vəziyyəti qaydaya salmaq üçün həkimlərin regionlara getməsini stimullaşdırmaq lazımdır. Onların iş stajını xüsusi qaydada hesablamaq, regionlarda müxtəlif stimullaşdırıcı tədbirlər görmək, kommunal güzəştlər tətbiq etmək, maaşlarını 2-3 dəfə artırmaq və digər addımlar atmaq mümkündür. Bu tədbirlər regionlarla Bakı arasındakı sosial-iqtisadi fərqlər müəyyən qədər azalana qədər tətbiq oluna bilər.
Başqa variantların normal nəticə verəcəyi inandırıcı görünmür. Rezidentura keçməyən şəxs yalnız ailə həkimi kimi fəaliyyət göstərə bilər, ixtisas həkimi ola bilməz. Rezidentura keçməyən, ixtisas həkimi olmayan şəxsin regionlara göndərilməsi necə mümkün ola bilər?
Sovet dövründə, Azərbaycanda rezidentura tətbiq olunana qədər internatura keçmiş ixtisas həkimləri, eləcə də rezidentura tətbiq olunduqdan sonra rezidentura keçmiş ixtisas həkimləri öz sahələri üzrə fəaliyyət göstərə bilərlər. Digər variantlar isə mümkün deyil.
Rayonlarda həkim təminatı məsələsinə qayıdaraq qeyd etmək istəyirəm ki, stimullaşdırıcı tədbirlər mütləq həyata keçirilməlidir. Həmçinin 65 yaşını tamamlamış həkimlərin regionlarda işləməsinə şərait yaradılmalıdır. Təbii ki, bu, onların öz istəyi əsasında və əlavə stimullaşdırıcı tədbirlərlə müşayiət olunmalıdır.
65 yaşına çatmış həkimlərin məcburi şəkildə təqaüdə göndərilməsi qətiyyən düzgün deyil. Əgər həkim çatışmazlığı varsa, əmək qabiliyyətini saxlayan və işləmək istəyən həkimlər niyə təqaüdə göndərilməlidir?
Ümumiyyətlə, tibb xidmətinin təşkilində o qədər ciddi nöqsanlar var ki, mən düşünürəm, bu vəziyyət belə davam edərsə, gələcəkdə daha böyük problemlərlə qarşılaşa bilərik. Ona görə də mövcud durum adekvat şəkildə qiymətləndirilməli, ətraflı təhlil olunmalı və uyğun çıxış yolları müəyyən edilməlidir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB