Azərbaycan Tibb Universitetində “ATUREK 14” qaliblərinin mükafatlandırılma mərasimi keçirilib

Azərbaycan Tibb Universitetində “ATUREK 14” qaliblərinin mükafatlandırılma mərasimi keçirilib

Azərbaycan Tibb Universitetində (ATU) “ATUREK 14 - “Yüksəlişə Doğru” adlı rezident və magistrlərin elmi-praktik konfransı” qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

Tədbirdə rektor, professor Gəray Gəraybəyli Tibb İşçilərinin Peşə Bayramı Gününə təsadüf edən mükafatlandırılma mərasiminin ikiqat sevinc hissi yaşatdığını qeyd edərək, tədbir iştirakçılarının timsalında ümumilikdə tibb sahəsində çalışan bütün şəxsləri səmimi təbrik edib.

ATU-da hər il ənənəvi olaraq qeyd edilən və bu il də ümummilli lider Heydər Əliyevin 103 illiyinə həsr olunmuş elmi-praktik konfransın mahiyyətindən də söz açan rektor bu qəbildən olan tədbirlərin gənc tədqiqatçıların elmi potensialının inkişafına yönəldiyini, onların bilik və təcrübə mübadiləsinin genişləndirilməsi, rezident və magistrlərin iştirakı ilə elmi araşdırma və kliniki təcrübələrin müzakirəsi üçün əhəmiyyətli platforma rolunu oynadığını diqqətə çatdırıb.

“ATUREK”-in akademik bacarıqlar, innovativ düşüncə və tədqiqat mədəniyyətinin formalaşdırılmasına yüksək təkan verdyini bildirən Gəray Gəraybəyli universitet divarları arasında qazanılan fundamental bilik, dərin tədqiqat və praktiki vərdişlərin onların peşəkar fəaliyyətlərində möhkəm təməlin əsasını qoyduğunu vurğulayıb. Mərasimdə “ATUREK 14”-də 240-dan artıq rezident və magistrin elmi məruzəsinin dinlənildiyi, qaliblərin 140 ekspert tərəfindən aparılan qiymətləndirilmə əsasında “Ən yaxşı çıxış” nominasiyası üzrə I, II, və III yer olmaqla müəyyənləşdirildiyi qeyd edilib.

Daha sonra ATU və digər klinik bazaların nümayəndələrindən ibarət, uğurlu nəticələr göstərərək I yer üzrə qalib adını qazanan 20 rezident və magistrə diplomlar təqdim edilib.

Təqdimetmə mərasiminin sonunda rektor bu gün elmi sahədə xüsusi seçilən və fərqlənən gənc tədqiqatçıların elmi potensialının daha da inkişaf etməsinin qürurverici olduğunu bir daha diqqətə çatdırıb.

Gəray Gəraybəyli məsuliyyətli və şərəfli karyeralarının hələ başlanğıcında olan qaliblərə gələcəyin alim və mütəxəssisləri olaraq yeni elmi zirvələr, yüksək intellektual potensial və araşdırma həvəsinin tükənməzliyi, elmi və praktik fəaliyyətlərində sonsuz uğurlar arzulayıb.

Mətləb Salahov

Bütün xəbərlər Facebook səhifəmizdə