Arıqlamaq və ya sağlam qidalanmaq üçün bir çox insan şəkərsiz qidalardan istifadə edir. Bundan əlavə həmçinin qida əlavələri də istehlak edilir. Maraqlıdır, hansı daha zərərlidir - şəkərsiz məhsullar, yoxsa qida əlavələri?
Məsələ ilə bağlı qida üzrə mütəxəssis Asim Vəliyev SİA-ya açıqlamasında bildirib ki, insanların sağlam qidalanmağa meyli artır:
"Bununla yanaşı şəkərsiz məhsullara və qida əlavələrinə maraq da yüksəlib. Əksəriyyət düşünür ki, şəkərsiz qidalar və müxtəlif vitamin, protein və ya yağyandırıcı əlavələr sağlamlığın açarıdır. Məsələ göründüyü qədər sadə deyil. Şəkərsiz məhsullarda çox vaxt şəkər əvəzinə süni dadlandırıcılar ehtiva edir. Bu maddələr kalori baxımından aşağı olsa da, tam zərərsiz hesab edilmir. Bəzi süni dadlandırıcılar uzunmüddətli və çox miqdarda qəbul edildikdə bağırsaq florasını poza bilir. Bu halda köp, qaz, mədə ağrısı kimi problemlər ortaya çıxır. Həmçinin süni dadlı qidalar beyində şirinlik ehtiyacını azaldan yox, əksinə artıran təsir göstərə bilər. Belə olduqda Nəticədə daha çox yemək istəyirik. Bu da arıqlama prosesinə mane olur. Digər tərəfdən qida əlavələri var. Qida əlavələri normal qidanı əvəz etmək üçün deyil. Çatışmazlıq olduqda dəstək məqsədilə istifadə olunmalıdır. Əksəriyyətimiz bu əlavələri həkim məsləhəti olmadan qəbul edir. Bu zaman orqanizmdə vitamin və mineralların normadan artıq yığılması baş verir. Xüsusilə yağda həll olan vitaminlərin həddindən artıq qəbulu qaraciyər və böyrəklərə zərər verə bilir. Protein və yağyandırıcı əlavələr də düzgün istifadə edilmədikdə hormonal balansı pozur. Zərər məhsulun özündən çox, onun necə və nə qədər istifadə olunmasından asılıdır. Həm şəkərsiz məhsullar, həm də qida əlavələri nəzarətsiz və həddindən artıq qəbul edildikdə sağlamlıq üçün risk yaradır. Ən sağlam yanaşma təbii və balanslı qidalanmaqdır. Tərəvəz, meyvə, tam taxıllar, keyfiyyətli zülal mənbələri və kifayət qədər su orqanizm üçün əsas ehtiyacları qarşılayır. Şəkərsiz məhsullar və qida əlavələri isə yalnız lazım olduqda və düzgün şəkildə istifadə edilməlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)



USD
EUR
GBP
RUB