Səhər yeməyində hansı qidalar istehlak edilməlidir ? - MÜTƏXƏSSİS AÇIQLADI

"Səhər yeməyi gündəlik qidalanmanın ən vacib hissələrindən biridir. Gecə boyu orqanizm uzun müddət qidasız qalır və enerji ehtiyatları azalır. Səhər yeməyi bu uzun fasiləni aradan qaldıraraq orqanizmi yenidən aktivləşdirir və onu günə hazır vəziyyətə gətirir. Məhz buna görə səhər yeməyi sağlam həyat tərzinin əsas şərtlərindən biri hesab olunur". Bu sözləri SİA-ya açıqlamasında qida üzrə mütəxəssis Asim Vəliyev deyib.

Onun sözlərinə görə, səhər yeməyi maddələr mübadiləsini aktivləşdirir və metabolizmin sürətlənməsinə kömək edir:

"Bu zaman enerji istehsalı artır və insan gün ərzində özünü daha gümrah və fəal hiss edir. Səhər yeməyi yeyən şəxslər adətən daha az yorğun olur, fiziki və zehni fəaliyyət qabiliyyəti yüksəlir. Xüsusilə diqqət və yaddaş göstəricilərinin artması uşaqlar, şagirdlər və tələbələr üçün olduqca vacibdir. Səhər yeməyi dərsə və ya işə konsentrasiyanı gücləndirir və məhsuldarlığı artırır. Bundan əlavə, səhər yeməyi qan şəkərinin balansını qorumaqda mühüm rol oynayır. Uzun müddət ac qalmaq qan şəkərinin düşməsinə səbəb olur ki, bu da halsızlıq, başgicəllənmə, əsəbilik və diqqət dağınıqlığı yarada bilər. Səhər yeməyi bu kimi halların qarşısını alır və orqanizmin stabil fəaliyyətini təmin edir. Eyni zamanda gün ərzində həddindən artıq və nəzarətsiz qidalanmanın qarşısını alır. Araşdırmalar göstərir ki, səhər yeməyi etməyən insanlar daha çox zərərli və kalorili qidalara meyl edirlər.

Səhər yeməyinin faydalı olması üçün onun tərkibi balanslı və təbii olmalıdır. Zülalla zəngin qidalar xüsusilə önəmlidir. Bu baxımdan yumurta ən faydalı seçimlərdən biridir. Süd və süd məhsulları-qatıq, kefir və az yağlı pendir-orqanizmi kalsiumla təmin edərək sümükləri möhkəmləndirir. Tam taxıllı çörək, yulaf sıyığı və digər taxıl məhsulları isə uzunmüddətli enerji verir və qan şəkərinin tədricən yüksəlməsini təmin edir. Səhər yeməyində tərəvəz və meyvələrin də yer alması tövsiyə olunur. Onlar vitamin və minerallarla zəngindir, immun sistemini gücləndirir və orqanizmin ümumi sağlamlığını qoruyur. Liflə zəngin qidalar həzmi yaxşılaşdırır və toxluq hissini uzadır. Meyvələrdən alma, banan və giləmeyvə həm faydalı, həm də rahat istifadə olunan seçimlərdir. Sağlam yağlar da unudulmamalıdır. Qoz, badam, fındıq və zeytun yağı ürək-damar sağlamlığını dəstəkləyir və orqanizm üçün vacib yağ turşuları ilə təmin edir.

Eyni zamanda şəkərli, yağlı və hazır qidalardan uzaq durmaq lazımdır. Şirin köklər, paketlənmiş məhsullar və qazlı içkilər qısa müddətli enerji versə də, tez bir zamanda aclıq hissi yaradır və sağlamlığa mənfi təsir göstərir. Şəkər ehtiyacını isə təmiz bal və ya təbii meyvələrlə qarşılamaq daha məqsədəuyğundur. Nəticə olaraq, düzgün və balanslı səhər yeməyi sağlamlığın qorunması, enerjili həyat tərzi və yüksək məhsuldarlıq üçün vacibdir. Günə sağlam başlamaq ümumi həyat keyfiyyətini əhəmiyyətli dərəcədə yüksəldir".

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə