Bayramda qida rasionu necə olmalıdır ? - DİETOLOQ AÇIQLADI

“Yeni il süfrələri bizim üçün təkcə yemək deyil, ailə, birlik və ənənə deməkdir. Paytaxt salatı, aş, yarpaq dolması və tort illərdir bayram süfrələrimizin ayrılmaz hissəsidir. Məsələ bu yeməklərdən imtina etmək yox, onları daha düzgün və balanslı şəkildə qəbul etməkdir”. Bu sözləri SİA-ya açıqlamasında dietoloq Ceyhunə Yusifova deyib.

O bildirib ki, paytaxt salatında porsiya və tərkib önəmlidir:

“Paytaxt salatı bayram süfrələrinin sevilən klassikidir. Lakin mayonez və kartof miqdarı çox olduqda kalori yükü artır. Mayonezin bir hissəsini qatıqla qarışdırmaq, kartof miqdarını azaldıb xiyar, kök və noxudun payını artırmaq, 2–3 xörək qaşığından artıq porsiya etməmək lazımdır. Bu halda staliçniy salatı tamamilə zərərli yox, ölçülü qəbul edilən bayram yeməyi olur. Plov Azərbaycan mətbəxinin şah əsəridir. Səbzili aş, qaralı aş, şabalıdlı–ətli aş kimi növləri ilə bayram süfrələrimizin bəzəyidir və Yeni il süfrəsi plovsuz təsəvvür olunmur. Bu yemək sadəcə karbohidrat mənbəyi deyil, əsrlərlə formalaşmış mədəniyyət və ənənənin təcəssümüdür. Daha sağlam və balanslı yanaşma üçün porsiya 1 orta boşqabı keçməməlidir. Səbzi plov nisbətən yüngül seçim hesab olunur. Qaralı aş və şabalıdlı–ətli aş daha doyurucu olduğuna görə porsiya mütləq kiçildilməlidir. Plov qəbul edilən zaman çörək, kartoflu yeməklər və digər ağır karbohidratlar süfrədən kənarda qalmalıdır.

Yanında mütləq göyərti və təzə tərəvəz salatı olmalıdır. Aş plov əsas yemək kimi təkbaşına qəbul edildikdə həm doyurucu olur, həm də həzm sistemini artıq yükləmir. Doğru porsiya və düzgün yanaşma ilə milli mətbəximizin bu şah yeməyi bayram süfrəsində sağlamlığımızla dost qala bilər. Yarpaq dolması – balanslıdır, amma say önəmlidir. Yarpaq dolması tərkibinə görə zülal, karbohidrat və lif baxımından balanslı yeməklərdən sayılır. Daha sağlam seçim üçün 4–6 ədəd porsiya kifayətdir. Yanında qatıqla birlikdə qəbul edilməsi həzmi asanlaşdırır. Yarpaq dolması ilə aş plov eyni vaxtda, eyni boşqabda yeyilməməlidir. Bu qaydaya əməl edildikdə dolma bayram süfrəsində ən risksiz yeməklərdən biri ola bilər. Bayram tortsuz olmaz. Amma əsas məsələ nə vaxt və nə qədər yeyildiyidir. Daha doğru seçim üçün tortu əsas yeməklərdən dərhal sonra yox, bir qədər fasilə ilə yemək, 1 nazik dilimlə kifayətlənmək və mümkünsə evdə hazırlanan və ya kremi az olan tortlara üstünlük vermək lazımdır.

Bayram süfrəsində mütləq tərəvəz salatları, göyərti, sobada və ya qril edilmiş ət, toyuq və ya balıq olmalıdır ki, ağır yeməklərin təsiri azalsın. Bayramdan sonra özünüzü sıxmayın. Vacib olan ertəsi gündən normal rasiona qayıtmaq, bol su içmək və hərəkətdə olmaqdır. Unutmayaq ki, Yeni il süfrəsi qadağalarla yox, şüurlu seçimlərlə gözəldir. Staliçniy salat, aş plov, yarpaq dolması və tort düzgün porsiya ilə qəbul edildikdə bayram həm ləzzətli, həm də sağlam keçə bilər”.

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə