"Tibbi xidmətlərdə vətəndaş məmnunluğu artırılır" - QURUMDAN AÇIQLAMA

Bu gün ölkədə səhiyyə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, əhalinin tibbi xidmətlərə əlçatanlığının artırılması və səhiyyə sistemində aparılan islahatların nəticələri diqqət mərkəzindədir. SİA olaraq, geridə qalan il ərzində səhiyyə sahəsində görülən əsas işlər, icra olunan layihələr və əldə olunan nəticələrlə bağlı TƏBİB-ə müraciət etdik.

TƏBİB: "TƏBİB olaraq 2025-ci il ərzində səhiyyə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, əlçatanlığın artırılması və idarəetmənin rəqəmsallaşdırılması istiqamətində bir sıra mühüm yeniliklər həyata keçirmişik.

İlk növbədə, vətəndaşların tibbi məlumatlara daha rahat çıxışını təmin etmək məqsədilə TƏBİB-in əsas elektron xidmətləri “mygov” platformasına inteqrasiya olunub. Bu addım “Ailə həkimi”, “həkim müraciətləri”, “laborator nəticələr”, “tibbi arayışlar”, “göndərişlər” və diaqnostik müayinə nəticələrinə mərkəzləşdirilmiş çıxışı təmin edərək həm şəffaflığı artırıb, həm də vətəndaşların vaxtına qənaət edib.

Rəqəmsal idarəetmə sahəsində daha bir əhəmiyyətli yenilik Nizami Tibb Mərkəzinin beynəlxalq HIMSS sertifikatı (EMRAM VI səviyyə) əldə etməsidir. Bu, elektron tibbi qeydiyyatın və xəstəxana idarəetməsinin beynəlxalq standartlara uyğunluğunu təsdiq edən mühüm göstəricidir.

Təcili tibbi yardım xidmətinin operativliyinin artırılması üçün Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzində rəqəmsallaşdırma layihəsinə başlanılıb. Layihə çərçivəsində çağırışların qəbulu və yönləndirilməsi, briqadaların idarə olunması üçün vahid platforma, GPS əsaslı izləmə, real vaxt xəritə idarəetməsi və marşrutlaşdırma imkanları üzərində işlər davam edir.

Eyni zamanda, “Şəkərli Diabet Elektron Reyestri” yaradılıb. Bu reyestr diabet xəstələrinin məlumatlarının vahid bazada real vaxt toplanmasını, müalicə planlarının və təminat proseslərinin daha dəqiq idarə olunmasını mümkün edir.

Sənədləşmə və idarəetmədə elektronlaşma çərçivəsində elektron epikriz sistemi qurulub və vahid səhiyyə sisteminə inteqrasiya edilib. Ölüm haqqında şəhadətnamələrin elektronlaşdırılması, əlilliyin müəyyənləşdirilməsi üzrə elektron sistemin funksionallığının artırılması və “Forma-088” moduluna laborator və instrumental nəticələrin avtomatik inteqrasiyası da proseslərin daha çevik və şəffaf aparılmasına xidmət edir.

Laboratoriya sahəsində də ciddi yeniliklər var. Ölkədə ilk dəfə autoimmun laboratoriyası yaradılıb, molekulyar mikrobioloji (PZR) laboratoriyalar yenidən qurulub və bir sıra müəssisələrdə testlərin yerində icrası təmin olunub. Hemofiliya dövlət proqramı çərçivəsində laborator xidmətlərin tam avtomatlaşdırılmış sistemlə icrası da xidmət keyfiyyətində yeni mərhələdir. Vərəm diaqnostikası üzrə “Genexpert” testlərinin tətbiqi nəticəsində daha dəqiq və operativ diaqnostika imkanları genişlənib.

Tibbi xidmətlərin çeşidinin artırılması istiqamətində Yeni Klinikada Robotik Reabilitasiya Mərkəzi fəaliyyətə başlayıb. Bundan əlavə, bir sıra tibb müəssisələrində yeni şöbələr yaradılıb, müxtəlif ixtisaslar üzrə əməliyyat və prosedurların icrasına start verilib, regionlarda xidmət əlçatanlığı genişləndirilib.

Təminat sahəsində də yeniliklər mövcuddur. Hemofiliyada innovativ “Emicizumab” preparatının təminata daxil edilməsi, kistoz fibroz xəstələri üçün enteral qida təminatına başlanması və 18 yaşdan yuxarı xəstələrin dərman təminatının ərazi poliklinikaları üzərindən təşkili, eləcə də ixtioz və bullyoz epidermoliz üzrə dərman və sarğı materialları təminatının icbari tibbi sığorta çərçivəsinə daxil edilməsi mühüm sosial yönümlü addımlardandır. Bu çərçivədə “Filsuvez” preparatının tətbiqinə də başlanılıb.

Dializ xidmətlərində əlçatanlığın artırılması məqsədilə Sumqayıt Tibb Mərkəzində yeni dializ şöbəsi açılıb, ilk dəfə olaraq proqram çərçivəsində 6 vətəndaş avtomatlaşdırılmış peritoneal dializə cəlb edilib.

İnsan resurslarının gücləndirilməsi istiqamətində 65 yaşdan yuxarı təcrübəli həkimlərin regionlarda işə cəlbi layihəsi, həmçinin “Mentor Klinika” mexanizmi tətbiq olunur. Bu yanaşma regionlarda xidmət keyfiyyətinin və ixtisaslı kadr təminatının gücləndirilməsinə xidmət edir.

Qarşıdakı dövrdə də əsas hədəfimiz keyfiyyət, pasiyent təhlükəsizliyi, rəqəmsal səhiyyə və regionlarda əlçatanlığın artırılmasıdır. Növbəti ildən Yeni Klinika və Abşeron Rayon Mərkəzi Xəstəxanasında tam onlayn randevu sisteminin tətbiqinə başlanılması, eləcə də robotik cərrahiyyə istiqamətində hazırlıqların tamamlanması bu hədəflərin tərkib hissəsidir".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə