Vərəm çöplərinin əkilməsi üçün laboratoriya yaradılır

Ölkəmizdə vərəm çöplərinin əkilməsi ilə bağlı ilk dəfə laboratoriya yaradılacaq. Bu, ən vacib müayinə üsullarından hesab olunur. Qeyd edək ki, təkcə ötən il Azərbaycanda 2877 nəfər ilk dəfə həmin xəstəliyə yoluxub. SİA xəbər verir ki, TƏBİB-in şöbə müdiri Nemət Rəhmanovun dediyinə görə, bu rəqəm kritik hesab olunmasa da, xəstəliyin qarşısının alınması üçün müəyyən profilaktik işlərin görülməsi vacibdir: “Vərəmin tam təsdiq olunması üçün ilk şərt xəstənin bəlğəmində vərəm çöplərinin aşkar edilməsidir. Vərəmin diaqnostikasında laboratoriya ilkin rol oynayır. Laborator xidmət sahəsində ölkə üzrə mikro bakterioloji laborator şəbəkə yaradılıb. Belə ki, müayinə imkanlarına görə birinci səviyyəli laboratoriyalar var. Onlar əsasən mikroskopiya ilə məşğul olurlar. İkinci və üçüncü səviyyəli laboratoriyalarda isə əkmə yolu ilə müayinələr aparılır”.

İnfeksion xəstəlik olan vərəm hava-damcı yolu ilə keçir. Əsas əlamətləri üç həftədən çox davam edən öskürək, bəlğəm ifrazı, döş qəfəsində ağrılar və iştahsızlıqdır: “Eyni zamanda, digər təmas və digər yollarla da az faiz ağciyərdənkənar vərəm xətəliklərinin yaranmasına səbəb ola bilər. Vərəm mikrobakteriayalarının yaşama müddəti var və onun yaşaması üçün şərait olmalıdr. Gün işığı olmayan yerdə, hətta aylarla yaşaya bilər. Mikrobakteriyalarla zəngin bəlğəm quruduqdan sonra toz kimi havaya yayılanda qaranlıq yerdədirsə müəyyən qədər yoluxma baş verə bilər”, -deyə şöbə müdiri bildirib.

Qeyd edək ki, hər il dünyada 2 milyona yaxın vərəmə yoluxan olur. Ona görə də soyuqdəymə və qripdən sonra uzun müddət davam edən öskürək varsa, dərhal həkimə müraciət edilməlidir, çünki vaxtında edilən müdaxilə xəstəliyin qarşısını ala bilir.

Bütün xəbərlər Facebook səhifəmizdə