Avropa İttifaqı "Arexvy" peyvəndini təsdiqlədi

Avropa İttifaqı Komissiyasından verilən açıqlamada bildirilir...

Avropa İttifaqı Respirator Sinsitial Virusun (RSV) yaratdığı xəstəliyə qarşı hazırlanmış "Arexvy" adlı ilk peyvəndi təsdiqləyib.

SİA-nın əldə etdiyi məlumata görə, Avropa İttifaqı Komissiyasından verilən açıqlamada bildirilir: “2022-ci ilin qışında artan RSV infeksiyası nəzərə alınmaqla, 60 yaşdan yuxarı insanların RSV-nin səbəb olduğu aşağı tənəffüs yolları xəstəliklərindən qorunmaq üçün hazırlanmış peyvəndin təsdiqi vacib oldu. Britaniyanın əczaçılıq şirkəti GSK tərəfindən hazırlanmış peyvənd Avropa İttifaqının bütün ölkələrində istifadə oluna bilər”.

Xatırladaq ki, ABŞ Qida və Dərman İdarəsi (FDA) 2023-cü il mayın 3-də dünyada ilk RSV peyvəndi hesab edilən “Arexvy”nin istifadəsinə icazə verib. Təxminən 12.500 adamın iştirak etdiyi “Arexvy”nin klinik tədqiqatlarında peyvəndin xəstəliyin inkişaf riskini 82,6 faiz azaltdığı və xəstəliyin şiddətlənməsinə qarşı 94,1 faiz təsirli olduğu bildirilib.

Qeyd edək ki, RSV bütün yaş qruplarında ağciyərlərdə və tənəffüs yollarında infeksiyalara səbəb olan yoluxucu virus kimi tanınır.

Avropada hər il təxminən 250 min insan RSV səbəbiylə xəstəxanaya yerləşdirilir, 65 və daha yuxarı yaşda olan təxminən 17 min adam xəstəxanalarda ölür.

Bütün xəbərlər Facebook səhifəmizdə