Uşaqlarımız və mobil telefonlar: verək, verməyək? - MÜSAHİBƏ

Günümüzün aktuallığını itirməyən problemlərdən biri uşaqların erkən yaşlarda istifadəsinə başladıqları mobil telefon aludəçiliyi və bunun onların gələcəyinə vurduğu ziyanlardır. Müəllimlərin və valideynlərin xəbərdarlıqlarına baxmayaraq, hazırda məktəblilərin əksəriyyəti bu virtual problemdən azad ola bilmir.
Müxtəlif oyun proqramları, sosial şəbəkələr, şəkil və videolar uşaqları daim özünə cəlb edir. Mobil telefondan hədsiz dərəcədə çox istifadə etmək və aludəçisi olmaq uşaqlara mənfi təsir göstərir. SİA xəbər verir ki, mobil telefonların ziyanı barədə suallarımızı Mərkəzi Gömrük Hospitalının həkim pediatrı Fərəh Vahabova cavablandırır.

- Fərəh həkim, mobil telefonlar uşaqlara nəyə görə ziyandır?

- Dünya alimləri mobil telefonların zərərləri barədə daim araşdırmalar aparırlar. Mobil telefonlar uşaqlara ikiqat mənfi təsir göstərir. Bu mənfi təsirlər həm radiasiya ilə bağlıdır, həm də müxtəlif xəstəliklərin yaranması və inkişaf etməsidir. Bu cihaza aludəçilik də uşaqlara pis təsir edir.
Mobil cihazlar və kompüter uşaqlarda yaddaş pozğunluğuna, zehni inkişafın ləngiməsinə gətirib çıxarır. Bu uşaqlar digərləri ilə müqayisədə əsəbi olurlar.

- Mobil telefonlardan istifadə uşaqlada daha çox hansı xəstəliklərə yol açır?

- Bununla bağlı ən son araşdırmaların nəticələri göstərir ki, telefonda oyun oynamaq, uzun müddət şəkillərə baxmaq uşaqlarda baş və boyun ağrılarına səbəb olur. Telefona baxmaq üçün uşaqlar həmişə önə əyildikləri üçün onurğalarına yük düşür ki, bu da onların duruşlarında yavaş-yavaş problemə çevrilir. Uşaqların qaməti əyilir və gələcəkdə onurğa əyriliyi - skolioz yaranır.

Telefonda oyun oynamaq uşaqların bədən və beyninin hər an radiasiyaya məruz qalması deməkdir. Bu isə, bildiyimiz kimi, gələcəkdə çox ciddi xəstəliklərin yaranmasına səbəb ola bilər. Xüsusilə də, telefonun enerjisi bitmək üzrə olduqda şüalanmanın səviyyəsi xeyli artır. Bəzən uşaqlar bunu bilmədiklərindən, telefon sönənə qədər ondan istifadə edirlər.

Hər gün saatlarla mobil telefonla təmasda olan uşaqların xərçəngə tutulma riski çox yüksəkdir.
Mobil cihazlar uşaqlarda həmçinin, yuxu pozğunluğuna səbəb olur. Mobil telefon dalğaları uşaqların qan hüceyrələrinə, saç köklərinə ikiqat mənfi təsir edir.

Mobil telefonlar gözləri zəiflədir. Toledo Universitetində işləyən amerikalı alimlərin araşdırmasına görə, müasir telefonların displeyindən əks olunan mavi rəngli işıq görmə qabiliyyətinin itməsinə səbəb olur. Buna səbəb torlu qişa hüceyrələrində mövcud olan retinal kimyəvi maddəsindən ayrılan toksik formadır.

-Telefonla oynayan uşaqlar nə dərəcədə radiasiyaya məruz qalırlar?

- Uşaqlar yatdığı zaman otaqda mobil telefon olarsa, onlar üçqat radiasiyaya məruz qalırlar.
Mobil telefonun yaydığı şüalar yeniyetmələrdə sperma hüceyrələrinin ölməsinə səbəb olur. Xüsusilə son illər sonsuzluğun artmasının bir səbəbi də budur.

Böyüklərə məsləhət görərdim ki, öz telefonlarını enerji yığarkən uşaqların olmadığı otağa və ya mümkün qədər uzaq bir yerə qoysunlar. Bununla onları telefonun ətrafa yaydığı mənfi enerjidən uzaqlaşdırmış olarlar.

Uşaqlar qulaqcıqla musiqi dinləyəndə onların qulaq içindən beyinə səs dalğaları ötürən hüceyrələri zərər görür. Bu isə bir müddət sonra onlarda hiss etmə, duyma, eşitmə qabiliyyətini zəiflədir.

-Uşaqlarına erkən yaşlardan telefon alan valideynlərə nə demək istərdiniz?

-Onlara ilk növbədə, demək istərdim ki, bir valideyn olaraq uşağınızı ən yaxşı siz tanıyırsınız. Ona görə də öz telefonuna sahib olması üçün düzgün yaşını siz bilərsiniz. Uşağınıza telefon verdiyiniz ilk gündən bunu normaya salsanız, müəyyən vaxtlarda istifadə etməsinə nəzarət etsəniz, yaxşı olar.

Müsahibəni apardı:
Mərkəzi Gömrük Hospitalının PR mütəxəssisi Dilarə Zamanova

Bütün xəbərlər Facebook səhifəmizdə