“Şəkərli diabet xroniki metabolik xəstəlikdir“ - ENDOKRİNOLOQ DANIŞDI

“Şəkərli diabet qanda şəkərin yüksəlməsilə xarakterizə olunan xroniki metabolik xəstəlikdir. Bu xəstəliyin əsas səbəbi qanda şəkərin tənzimlənməsində rol oynayan insulin hormonunun hansısa bir səbəbdən yaranan çatışmazlığı və ya hüceyrələrdə insulin hormonuna qarşı yaranan rezistentlikdir”. Bu sözləri SİA-ya açıqlamasında Səhiyyə nazirliyinin mütəxəssis-eksperti, endokrinoloq Oqtay Hüseynov deyib. Onun sözlərinə görə, şəkərli diabetin 3 əsas göstəricisi tezləşmiş sidik ifrazı (poliuriya), ağızda quruluq və buna bağlı yaranan susuzluq hissi (polidipsiya) və iştahanın artmasıdır (polifagiya): “Bundan başqa halsızlıq, yorğunluq hissi, sürətli çəki itkisi, bulanıq görmə, dəridə quruluq, ayaqlarda uyuşma, yaraların gec sağalması kimi əlamətlər də görünə bilər.

Xəstəliyin bir neçə tipi mövcuddur. Bunlardan ən çox rast gəlinəni Şəkərli Diabet tip I, Şəkərli Diabet tip II, Hestasion diabet və digər növləri.
Şəkərli Diabetin əmələ gəlmə səbəbləri mövzusunda aparılan bir çox araşdırmada xəstəliyin genetik və ətraf mühit amillərinin birlikdə təsiri nəticəsində meydana gəldiyi bildirilib. Hər tipin yaranma səbəbəri müxtəlifdir. I tip Diabetin yaranmasında əsas rol immun sisteminin və ya virusların mədəaltı vəzə destruksiv təsiri nəticəsində meydana gəlir. II Tip Diabet adətən 30 yaşdan sonra rast gəlinir. Əsas risk faktorları aşağıdakılardır

• Artıq çəki
• Genetik meyllik
• Passiv həyat tərzi
• Stress
• İnsulinə rezistentlik
• Hamiləlik müddətində Hestasion diabet diaqnozu qoyulan qadınlar.

Şəkərli diabetin erkən diaqnostikası məqsədilə 40 yaşdan yuxarı şəxslərin aktiv şikayətləri olmasa belə, ildə bir dəfə qanda şəkəri yoxlamaq tövsiyə edilir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə