Azərbaycanda ən çox yayılmış qurd xəstəliyi hansıdır? - HƏKİM AYDINLIQ GƏTİRDİ

"Azərbaycanda ən çox yayılmış qurd xəstəliyi enterobioz, hansı ki el arasında qılqurd və bizquyruq deyilir, askarida (soxulcanqurd da adlanır) və lyambliyalardır. Qurd xəstəliyi daha çox məktəbəqədər və aşağı siniflərdə oxuyan uşaqlarda rast gəlinir. Gigiyena qaydalarına bir o qədər riayət olunmayan yerlərdə daha çox yoluxma baş verir. Ona görə də azyaşlı uşaqlar arasında qurd xəstəliyinə daha çox rast gəlinə bilir". Bu sözləri SİA-ya açıqlamasında həkim-pediatr Amalya Muradova deyib.

Onun sözlərinə görə, qurd xəstəliyinin simptomları qurdun növündən asılı olaraq dəyişir: "Məsələn, ən çox təsadüf olunan enterobioz qurdu daha çox gecələr anus ətrafında qaşınma ilə özünü büruzə verir. həmin qurdlar anal dəliyin büküşlərinə özlərinin on minlərlə yumurtasını qoyur və bu zaman həmin nahiyəyə xüsusi qıcıqlandırıcı maddə ifraz edirlər. Amma askarida və lyambliyalar daha çox iştahsızlıq, halsızlıq və qarın nahiyəsində ağrılar şəklində özünü göstərir".

Həkim sözlərinə davam edərək bildirib ki, qurd xəstəliyinə yoluxucudur demək doğru olmaz: "Məsələn, askarida və lyambliya kimi növlər yoluxma vasitəsilə deyil, gigiyenik baxımdan təmiz olmayan əşyalardan, tərəvəzlərdən, sudan keçə bilər. Amma enterobioz yoluxucudur. Ailənin bir üzvündə varsa, digərlərinə də keçmək ehtimalı var. Çünki o qurd yumurtanı anus ətrafında kənara qoyur, yəni tökülür. Bu zaman döşək üzü, paltar və s. kimi şeylərdən başqa bir şəxsə keçmək ehtimalı yaranır".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə