Qaradağda tarixi-mədəni abidələrə ziyan vuran şəxslər saxlanılıb

Qaradağ rayonunda qabaqcadan əlbir olan bir qrup şəxs dövlət tərəfindən xüsusi qorunan təbiət ərazilərinin mühafizə qaydalarını pozaraq qızıl axtarmaq məqsədilə Milli Tarix-Bədii Qoruqlardan birinin ərazisinə qanunsuz daxil olublar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya bildirilib ki, onlar qoruqdakı mədəni sərvət hesab olunan qayaların dibində qazıntı işləri apararaq xüsusi maddi dəyəri olan əşyalar talamağa cəhd göstərib və nəticədə mədəni sərvətlərin yararsız hala salınmasına səbəb olublar.

Əməli törətməkdə şübhəli bilinən 42 yaşlı Kamil Ömərov, 59 yaşlı Məmmədrəsul İbrahimov, 41 yaşlı Əkbər Əkbərov, 50 yaşlı Niyaməddin Əliyev və 47 yaşlı Elşad İsgəndərov Qaradağ Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə müəyyən olunaraq saxlanılıblar. Həmin şəxslər öz əməllərini mobil telefonları vasitəsilə də lentə alıblar.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə