17 cinayətin açılması təmin olunub

Fevralın 8-də və 9-da ölkə ərazisində qeydə alınan 80, əvvəlki dövrlərdən bağlı qalan 17 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 106, o cümlədən borclu şəxs qismində axtarışda olan 65 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli 47, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 13 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 94 nəfər saxlanılıb. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, fevralın 8-də və 9-da, həmçinin polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 8 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib. Bununla yanaşı, dələduzluğa görə axtarışda olan 16 nəfər saxlanılıb.

Eyni müddət ərzində ümumi çəkisi 25,4 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Fevralın 8-də və 9-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 avtomat silahı və 10 tüfəng aşkar edərək götürüblər.

Bütün xəbərlər Facebook səhifəmizdə