Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Seçki Qərargahı Oğuz rayon şöbəsi prezident seçkilərinin təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir. Kampaniya çərçivəsində növbəti görüş rayonun Sincan, Tərkəş, Mollalı və Dəymədağlı kəndlərindən olan seçicilərlə keçirilib.

Görüşdə çıxış edən YAP Mərkəzi Seçki Qərargahı Oğuz rayon şöbəsinin və partiyanın rayon təşkilatının sədri Saleh Məhərrəmov son 15 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin uğurlarından bəhs edib. Bildirib ki, Azərbaycan son 15 ildə Cənab İlham Əliyevin rəhbərliyi ilə dünyanın nüfuzlu ölkələrindən birinə çevrilib. "Hazırda Azərbaycan nüfuzlu dövlətlərlə tərəfdaş ölkədir. Ölkəmiz beynəlxalq təşkilatlarda uğurla təmsil olunur. Azərbaycan mədəniyyəti dünyada layiqincə təbliğ edilir. Bununla yanaşı, insanların həyat şəraiti olduqca yaxşılaşıb" deyən rayon təşkilatının sədri əlavə edib ki, Azərbaycan cəmiyyətinin nümayəndələri ölkəmizin inkişafından, mövcud ictimai-siyasi sabitlikdən məmnundurlar: "Əminliklə söyləyə bilərəm ki, bu seçkilərdə də seçicilər Azərbaycanın gələcək inkişafı, firavanlığı naminə Cənab İlham Əliyevə səs verəcəklər. Azərbaycan seçicisinin seçimi birmənalıdır".

Görüşdə Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahı Oğuz rayon şöbəsinin üzvlərindən – Emin Əzimli, Səyyaf Abbasov, Siyavuş Hidayətov, Nəsimi Zahidov çıxış edərək, ölkəmizdə gedən sürətli inkişaf, həmçinin Cənab İlham Əliyevin daim xalqımıza göstərdiyi yüksək diqqət və qayğıdan danışıblar. Natiqlər dövlətçiliyə hər zaman sədaqət nümayiş etdirən Oğuz seçicilərini 11 apreldə seçkilərə gələrək, inamlı sabahımıza səs verməyə çağırıblar.

Çıxış edən Sincan kənd tam orta məktəbi ərazi ilk partiya təşkilatının sədri Ələddin Həbibullayev, kənd sakinləri Məhəmməd Ömərov, Vaqif Səbzəliyev, Atamoğlan Məmmədov və başqaları Cənab İlham Əliyevin Azərbaycan xalqı üçün göstərdiyi diqqət və qayğıdan söz açaraq, budəfəki seçkilərdə də YAP-ın qələbəsinə əmin olduqlarını bildiriblər. Onlar Azərbaycanın daha inkişaflı tərəqqi yolunu keçməsi, xalqın daha firavan həyatının təmin olunması naminə hər kəsin məhz Cənab İlham Əliyevə səs verəcəklərini vurğulayıblar.

ZÜMRÜD

Bütün xəbərlər Facebook səhifəmizdə