Xaçmazlı qadın seçiciləri möhtəşəm gələcəyimizə səs verəcəklər

Yeni Azərbaycan Partiyasının "İlhamla irəli" şüarı ilə başladığı seçki kampaniyası çərçivəsində dünən YAP Mərkəzi Seçki Qərargahının Xaçmaz rayon şöbəsinin təşkilatçılığı ilə rayonun qadın seçiciləri ilə görüş keçirilib.

Tədbirdə YAP Xaçmaz rayon təşkilatının sədri Nazim Ağayev çıxış edərək bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə həyata keçirdiyi ardıcıl və məqsədyönlü siyasət nəticəsində müstəqil Azərbaycanın sosial-iqtisadi və mədəni-mənəvi baxımdan sürətlə inkişaf edib: "Beynəlxalq aləmdə ölkəmizin strateji mövqeləri kifayət qədər möhkəmlənib, bölgədə və dünyada qüdrəti artıb. Həyata keçirilən irimiqyaslı infrastruktur layihələri, ölkəmizin beynəlxalq miqyaslı tədbirlərə uğurla ev sahibliyi etməsi, regionların sosial-iqtisadi inkişaf proqramlarının reallaşması, demokratik idarəçilik mexanizmlərinin tətbiqi, hüquqi təsisatların bərqərar edilməsi inkişaf edən müasir Azərbaycanın reallıqlarına çevrilmişdir".

Rayon təşkilatı sədri qeyd edib ki, belə inkişaf dövrünü yaşayan ölkəmizdə dövlət qadın siyasəti də uğurla həyata keçirilir. Hər bir Azərbaycan qadını bunu üzərində hiss edir. N.Ağayev əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan qadın siyasəti nəticəsində Azərbaycan qadınının elm və təhsil, səhiyyə və mədəniyyət, eləcə də, digər sahələrdə qazandığı uğurlarını diqqətə çəkərək vətəndaş cəmiyyəti quruculuğu istiqamətində qadınlarımızın nailiyyətlərinin göz önündə olduğunu bildirib. O, məhz möhtəşəm uğurlara və gələcək hədəflərə görə, Xaçmaz rayon qadın seçicilərini 11 aprel prezident seçkilərində YAP-ın namizədi Cənab İlham Əliyevə səs verməyə çağırıb.

Tədbirdə çıxış edən qadın seçicilərdən Lalə Hüseynova, Pakizə Mehdiyeva, Kəmalə Sultanova, Vəfa Məmmədova və başqaları Cənab İlham Əliyevin ölkəyə başçılıq etdiyi dövrdə görülmüş işləri və uğurları diqqətə çəkərək, güclü və inkişaf etmiş müstəqil Azərbaycan dövlətinin böyük gücə və nüfuza malik olduğunu bildirdilər. Qeyd olundu ki, uzaqgörən, müdrik və qədirbilən xalqımız növbəti dəfə də mühüm və qəti seçiminin böyük bəhrəsini görəcək. Xaçmaz rayon qadın seçiciləri Prezident İlham Əliyevin siyasətini birmənalı tərzdə dəstəklədiklərini bildirərək 11 apreldə demokratik şəraitdə keçiriləcək seçkilərdə Cənab İlham Əliyevə yüksək etimad göstərəcəklərini bildirib, yekdilliklə seçiciləri daha uğurlu gələcək naminə YAP-ın namizədinə səs verməyə çağırıblar.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə