Binəqədi seçiciləri qərarlarında israrlıdırlar

Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi Cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində YAP Mərkəzi Seçki Qərargahının Binəqədi rayon şöbəsi seçicilərlə növbəti görüş keçirib.

Görüşdə çıxış edən YAP Mərkəzi Seçki Qərargahının Binəqədi rayon şöbəsinin sədri Ramiz Göyüşov Azərbaycanda son 15 il ərzində görülən işlər, həyata keçirilən layihələr haqqında məlumat verib. R.Göyüşov, ərzaq təhlükəsizliyinin təmin edilməsi, yeni nəslin daha sağlam böyüməsi, vətəndaşların maddi-rifah halının yüksəldilməsi, sosial müvavinətlərin artırılması istiqamətində görülən işlərdən danışıb. Rayon şöbəsinin sədri bütün seçiciləri qarşıdan gələn prezident seçkilərində fəal iştirak etməyə, son 15 ildə ölkəmizi tərəqqiyə və xalqımızı firavanlığa aparan Liderə səs verməyə çağırıb.

Milli Məclisin deputatı Kamaləddin Qafarov çıxışında iqtisadi islahatlardan və səhiyyə sahəsindəki nailiyyətlərdən danışdı. O bildirib ki, bu yaxınlarda açılışı gerçəkləşdirilən və ölkəmizə milyardlarla dollar həcmində vəsaitin daxil olmasını təmin edəcək iri layihələrdən bəhs edib. Millət vəkili əldə olunan uğurların bundan sonra ardıcıl və davamlı olması üçün bütün seçiciləri aprelin 11-də keçiriləcək prezident seçkilərində Cənab İlham Əliyevə səs verməyə çağırıb.

Azərbaycan Dövlət Pedaqoji Universitetin prorektoru Asəf Zamanov isə Cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan təhsil islahatlarından danışıb. Son 15 ildə minlərlə tam orta ümumtəhsil və ali təhsil müəssisələrinin tikilərək istifadəyə verilməsindən və təhsilini keyfiyyətinin yüksəldilməsi istiqamətində reallaşdırılan islahtalardan bəhs edib. O, ölkəmizin və xalqımızın davamlı inkişafı və tərəqqisi naminə seçiciləri əvvəlki seçkilərdə olduğu kimi, qarşıdan gələn prezident seçkilərində də Cənab İlham Əliyevə etimad göstərəcəklərinə və səs verəcəklərinə inandığını bildirib.

Sahibkar, "Hilal" İctimai Birliyinin sədri Arzuman Abdulkərimov çıxışında ölkəmizdə sahibkarlığın inkişafı, sahibkarların rahat və maneəsiz fəaliyyət göstərmələri üçün Cənab İlham Əliyevin rəhbərliyi ilə göstərilən dövlət qayğısından, sahibkarlara güzəştli kreditlərin verilməsini, istehsal sahələrinin genişləndirilməsi üçün həyata keçirilən islahatlardan danışıb. A.Abdulkərimov bildirib ki, aprelin 11-də xalqımız sabitliyə və inkişafa səs verəcək.

Görüşdə çıxış edən seçicilərdən - Məleykə Allahverənova, Şirincan Məmmədova, Leyla Quluzadə, Mahmud Mahmudov və başqaları Cənab İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasəti dəstəklədiklərini və qarşıdan gələn prezident seçkilərində, məhz ən layiqli namizəd olan Cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.

ZÜMRÜD

Bütün xəbərlər Facebook səhifəmizdə