Səbail rayon seçiciləri yekdilliklə YAP-ın namizədini dəstəkləyirlər
YAP Mərkəzi Seçki Qərargahının Səbail rayon şöbəsi tərəfindən Yeni Azərbaycan Partiyasının namizədi Cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir. Dünən Səbail rayonu seçiciləri ilə növbəti görüş keçirildi. 300-dən çox seçicinin iştirak etdiyi görüşdə çıxış edən YAP Mərkəzi Seçki Qərargahının Səbail rayon şöbəsinin və rayon təşkilatının sədri, Milli Məclisin deputatı Şəmsəddin Hacıyev Yeni Azərbaycan Partiyasının Lideri və vahid namizədi, Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin 2003-cü ildən etibarən ölkə başçısı kimi genişmiqyaslı və çoxşaxəli fəaliyyəti, Onun müstəqil Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi və xalqımızın rifahının ildən-ilə daha da yaxşılaşdırılması istiqamətində apardığı uğurlu daxili və xarici siyasət haqqında ətraflı məlumat verdi. O, Səbail rayon seçicilərini seçki prosesində, hər zaman olduğu kimi, fəal olmağa, ölkəmizdə gedən möhtəşəm proseslərdə daha yaxından iştirak etməyə və aprelin 11-də mütəşəkkil şəkildə seçki məntəqələrinə gələrək, Cənab İlham Əliyevə səs verməyə çağırdı.
Görüşdə çıxış edən YAP Mərkəzi Seçki Qərargahının Səbail rayon şöbəsinin təbliğat qrupunun üzvü, "Yeni Azərbaycan" qəzetinin Baş redaktoru, millət vəkili Hikmət Babaoğlu, ilk növbədə, seçiciləri gələcək siyasi taleyimizə laqeyd olmamağa və 11 aprel seçkilərində siyasi iradələrini nümayiş etdirməyə çağırdı. 1918-ci ildə Şərqdə ilk demokratik Cümhuriyyət yaradan xalqımızın tarixin süzgəcindən keçib gələn siyasi mədəniyyətə sahib olduğunu diqqətə çatdıran H.Babaoğlu vurğuladı ki, Cənab İlham Əliyevin məharətli daxili siyasəti nəticəsində, Azərbaycanda formalaşan intellektual cəmiyyətin bugünkü milli gücü Liderimizin rəhbərliyi altında dostda pərəstiş, düşməndə vahimə yaradır. Bu uğurlarımızın təməlində Ulu Öndər Heydər Əliyevin dövlətçilik məktəbi və azərbaycançılıq ideologiyası dayanır. Əminik ki, xalqımız 11 aprel tarixində də, öz işıqlı gələcəyi naminə, ən düzgün qərarı verəcək və müasir Azərbaycanın son 15 ildə qürurla bəhs etdiyimiz bütün nailiyyətlərinin müəllifi Cənab İlham Əliyevə səs verəcəkdir".
Görüşdə Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, xalq artisti, professor Azər Paşa Nemətov, AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru akademik
İradə Hüseynova və Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Ağacan Əhmədov çıxış edərək gördüyü işlərlə ümumxalq dəstək və etimadını qazanan Möhtərəm Prezidentimiz İlham Əliyevin ötən dövr ərzində xalqımızın rifahının yaxşılaşdırılması, dövlət siyasəti səviyyəsində Azərbaycan elminin, təhsilinin, mədəniyyətinin, ümumiyyətlə, bütün ictimai-siyasi sahələrinin inkişafına göstərilən diqqət və qayğıdan danışaraq, bu nailiyyətlərin davamlı olması üçün seçiciləri partiyamızın Lideri Cənab İlham Əliyevə səs verməyə dəvət etdilər.
Seçicilər adından danışan Dənizkənarı Buıvar İdarəsinin əməkdaşları Mahirə Nəsirova, Məhərrəm Məhərrəmli, Nigar Məmmədova və Aydın Cabbarov ölkəmizdə gedən dinamik inkişaf və tərəqqi üçün Prezidentimizə minnətdar olduqlarını, bu siyasəti ürəkdən dəstəklədiklərini və 11 aprel seçki günü hamı bir nəfər kimi məntəqələrə gələrək, Azərbaycan xalqının ən layiqli namizədi Cənab İlham Əliyevə səs verəcəklərini bildirdilər.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə