Daha qüdrətli Azərbaycan naminə "İlhamla irəli!"

Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Sabunçu rayon şöbəsi aprelin 11-də keçiriləcək prezident seçkilərində YAP tərəfindən namizədliyi irəli sürülmüş Cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə növbəti görüş keçirdi.

Görüşdə çıxış edən YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva son 15 il ərzində Prezident İlham Əliyevin həyata keçirdiyi cəsarətli, düşünülmüş və gələcəyə hədəflənmiş siyasəti nəticəsində, müstəqil Azərbaycanın bütün sosial-iqtisadi sahələrdə əldə etdiyi misilsiz uğurlar, ölkəmizdə yüksələn dinamika ilə davam edən tərəqqi, reallaşdırılan çoxşaxəli, sistemli iqtisadi və siyasi islahatlara nəzər saldı. Qeyd etdi ki, ötən dövr ərzində Cənab İlham Əliyev həyata keçidiyi genişmiqyaslı misilsiz işlərlə hər bir azərbaycanlının Prezidenti olduğunu sübut etdi: "Bu siyasət bizi daha böyük uğurlara, tərəqqiyə və ümumxalq rifahına aparır. Biz, daha qüdrətli Azərbaycan və etibarlı gələcəyimiz naminə, birmənalı olaraq, Liderimiz ətrafında sıx birləşməli və partiyamızın vahid namizədini 11 aprel günü yekdilliklə dəstəkləməliyik".

Görüşdə Azərbaycan Respublikası Milli Akademiyasının İnformatika və Müasir Texnologiya İnstitutunun direktoru akademik Rasim Əliquliyev, Milli Məclisin üzvü Dilarə Cəbrayılova və Sabunçu rayon Ağsaqallar Şurasının sədri Nadir Əsədov çıxış edərək, 15 il ərzində Prezident İlham Əliyev tərəfindən ölkəmizin dinamik inkişaf etdiyini, elm, təhsil, mədəniyyət, gənclər, idman və ordu quruculuğu sahəsində əldə edilən uğurları diqqətə çəkdilər. Çıxış edənlər Sabunçu seçicilərini bu uğurların davamına səs verməyə çağırdılar.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə