Qaradağ seçiciləri İlhamlı sabahlara “HƏ” deyir

Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi seçki Qərargahının Qaradağ rayon şöbəsi 11 aprel 2018-ci il tarixdə keçiriləcək Prezidenti seçkiləri ilə əlaqədar təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir. SİA-nın verdiyi məlumata görə, Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin təbliğat kampaniyası çərçivəsində növbəti görüş bu gün rayonun qədim Qobustan qəsəbəsindəki Mədəniyyət sarayında keçirilib.

Görüşdə çıxış edən Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov qarşıdan gələn Prezident seçkiləri ilə bağlı məlumat verib. O, prezidentliyə namizəd cənab İlham Əliyevin seçki proqramı ilə seçiciləri tanış edib: “2003-2018-ci illər ərzində cənab İlham Əliyevin ölkə Prezidenti kimi gördüyü işlər Azərbaycanın inkişafına çox böyük təkan verib. Bütün bu illər ərzində Azərbaycan çox böyük uğurlara imza atıb. Ölkənin inkişafı, insanların rifahı naminə həyata keçirilən islahatlar Prezidentliyə namizəd cənab İlham Əliyevin seçki proqramının əsas mahiyyətini təşkil edir”.

Millət vəkili Mirzəcan Xəlilov çıxışında görüşdə iştirak edən seçiciləri Heydər Əliyev siyasətinin davamı naminə 11 aprel seçkilərində cənab İlham Əliyevə səs verməyə çağırıb: “Vətəndaşlarımızın sosial rifahının yüksəldilməsi istiqamətində davamlı tədbirlər görülür, pensiyalar artırılır, yeni iş yerləri yaradılır. Artıq bütün dünya dövlətləri ölkəmizi yaxın tərəfdaş qismində qəbul edir. Bu uğurların davamı naminə hər bir Azərbaycan vətəndaşı 11 apreldə keçiriləcək prezident seçkilərində cənab İlham Əliyevə səs verməlidir”.

Qərargah üzvləri Xaliq Məmmədov, Nazim Hüseynov və Nəriman Qurbanov, Milli Qəhrəman atası Əliyusif Əliyev, qəsəbə ağsaqqalları Əlicavan İbrahimov və Zaməddin Həmşəyev çıxış edərək bildiriblər ki, xalqımız prezident seçkisi üçün artıq özünün qəti seçimini edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qarşıdakı seçkilərdə Azərbaycan xalqının mütləq əksəriyyətinin vahid namizədidir. Beynəlxalq birlik də, Dünya Azərbaycanlıları da İlham Əliyevin namizədliyinə ürəkdən dəstək verirlər. Xalqımız Prezident seçkilərinə Prezident İlham Əliyevin rəhbərliyi ilə yaradılmış yeniləşmiş möhtəşəm Azərbaycan boyda böyük hesabatla gedir. Müasir Azərbaycan haqqında hesabatın müəllifi Azərbaycan xalqının lideri İlham Əliyevdir.

Bütün xəbərlər Facebook səhifəmizdə