Neftçalalıların şüarı dəyişməzdir - "İLHAMLA İRƏLİ"

Yeni Azərbaycan Partiyasının Mərkəzi seçki Qərargahının Neftçala rayon şöbəsinin “İlhamla İrəli” təşviqat qrupu təbliğat-təşviqat kampaniyası çərçivəsində Zirvə görüşü keçirib. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, izdihamlı Zirvə görüşü konsert proqramı ilə davam edib.

Zirvə görüşündə millət vəkilləri Arif Rəhimzadə, Fəzail Ağamalı, "Səs" qəzetinin Baş redaktoru Bəhruz Quliyev iştirak edib.

İlk öncə giriş sözü ilə Zirvə görüşünü açan YAP Neftçala rayon təşkilatının sədri Anar Cəfərov rayon seçicilərinin prezidentliyə vahid namizədi İlham Əliyev olduğunu qeyd edib. Bildirib ki, bu günə qədər rayonumuzun ərazisində kəndlərdə, qəsəbələrdə keçirilən təşviqat görüşlərində seçicilər İlham Əliyevə səs verəcəklərini bildirirlər.

Millət vəkili Arif Rəhimzadə çıxışında bildirib ki, xalqın ölkə Prezidentinə inam və etimadı, sevgisi böyükdür: "Siz bu sevgini səsvermə prosesində fəal iştirakınızla, dəstəyinizlə bir daha təsdiqləyəcəksiniz. Azərbaycanı işıqlı gələcəyə doğru aparan cənab İlham Əliyevin gördüyü işlər, həyata keçirdiyi uğurlu inkişaf proqramı danılmazdır".

Digər millət vəkili Fəzail Ağamalı isə çıxış edərək YAP-ın namizədi İlham Əliyevin fəaliyyətindən və ölkəmizin inkişafından ətraflı bəhs edib.

"Səs" qəzetinin Baş redaktoru Bəhruz Quliyev Neftçala sakinləri qarşısında çıxış edərək seçki günü seçiciləri hamılıqla məntəqələrə gələrək ölkəmizin inkişafının davam etməsi naminə İlham Əliyevə səs verməyə səsləyib: "YAP-ın namizədi cənab İlham Əliyevin fəaliyyəti Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində, ölkədə aparılan quruculuq-abadlıq işlərində özünü göstərir. Neftçalalı seçicilər xalqımızı uğurlu sabahlara aparan Ulu Öndər Heydər Əliyev siyasətinin davamlı olmasını istəyirlərsə YAP-ın namizədi Cənab İlham Əliyevə səs verməlidirlər. İnanırıq ki, növbəti 7 ildə Azərbaycan cənab İlham Əliyevin rəhbərliyi ilə qələbələrini davam etdirəcək, qüdrətli dövlət olaraq yeni nailiyyətlərə imza atacaq".

Zirvə görüşü respublikamızın tanınmış incəsənət adamlarının ifalarında səslənən musiqi nömrələri ilə davam edib.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə