Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binasında 11 aprel prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə növbəti görüş keçirilib.
Görüşü giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Binəqədi rayon şöbəsinin sədri Ramiz Göyüşov Prezident İlham Əliyevin rəhbərliyi ilə son 15 il ərzində ölkəmizdə həyata keçirilən uğurlu islahatlardan və o islahatların nəticəsi olaraq, əldə olunan çoxsaylı nailiyyətlərdən geniş bəhs edib. R.Göyüşov ölkə Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan irimiqyaslı layihələr haqqında məlumat verib. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilis-Qars layihələrinin ölkəmizin davamlı inkişafına əsaslı zəmin yaratdığını vurğulayıb. Sədr bütün seçiciləri qarşıdan gələn prezident seçkilərində dövlətimizin inkişafı, təhlükəsizliyinin təmin olunması naminə Cənab İlham Əliyevin ətrafında sıx birləşməyə səsləyib.
Milli Məclisin deputatı Kamaləddin Qafarov çıxışında bildirib ki, dövlət başçısı Cənab İlham Əliyevin prezidentlik fəaliyyətinə başlayarkən, «Mən hər bir azərbaycanlının prezidenti olacağam» fikirləri, bu gün artıq əməli fəaliyyəti ilə öz təsdiqini tapıb. K.Qafarov çıxışında bir sıra statistik rəqəmlərə diqqət yetirərək, Binəqədi rayonunda son 15 ildə qazanılan uğurlara nəzər salıb. Millət vəkili çıxışında bütün seçiciləri qarşıdan gələn prezident seçkilərində Cənab İlham Əliyevə səs verməyə çağırıb.
Milli Məclisin deputatı Madar Musayev çıxışında 1990-cı illərin əvvəllərində ölkəmizdəki gərgin ictimai-siyasi vəziyyətə nəzər salıb. O zamankı hakimiyyət rəhbərlərinin dövləti və xalqı uçuruma apardıqlarını, tarixin bütün dövrlərində öz xislətlərindən əl çəkmədiklərini söyləyib. Onların yarıtmaz və şəxsi ambisiyalarına xidmət edən siyasi fəaliyyətləri nəticəsində, dövlətçiliyimizin təhlükə altına qaldığını qeyd edib. Lakin xalqımız çox da uzaq keçmişdə olmayan o hadisələri yaxşı xatırlayır və öz gələcək taleyini ancaq Cənab İlham Əliyevə etibar edir. Millət vəkili seçiciləri prezident seçkilərində yüksək fəallıq göstərməyə və Cənab İlham Əliyevə səs verməyə çağırıb.
Görüşdə çıxış edən seçicilərdən Aslan İsayev, İmaş Eyvazov və başqaları prezident seçkilərində fəal iştirak edəcəklərini və xalqımızın alternativsiz lideri Cənab İlham Əliyevə dəstək göstərəcəklərini söyləyiblər.
ZÜMRÜD
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB