Samuxda ilk dəfə səs verəcək seçicilərlə görüş keçirilib

Bu gün YAP Samux rayon təşkilatında 11 aprel 2018-ci il prezident seçkiləri ilə əlaqədar ilk dəfə səs verəcək seçicilərlə görüş keçirilib. Tədbiri giriş sözü ilə YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov açaraq, ölkəmizdə qazanılan uğurlardan bəhs edib. G.Bayramov aprelin 11-də keçiriləcək prezident seçkilərində ilk dəfə səs verəcək gəncləri bu tarixi prosesdə iştirakları münasibəti ilə təbrik edib, prezident seçkilərinin ölkəmizin həyatında mühüm hadisə olduğunu diqqətə çatdırıb. Seçkilərin azad, demokratik və şəffaf keçirilməsi üçün hər bir seçicinin, o cümlədən, ilk dəfə səs verəcək gənclərin səsvermədə yüksək məsuliyyət nümayiş etdirməsinin zəruriliyini vurğulayan natiq onları həmin gün hamılıqla seçki məntəqələrinə gələrək, parlaq gələcəyə səs verməyə çağırıb.

Tədbirdə çıxış edən rayon Ziyalılar Cəmiyyətinin üzvü Nizami Məmmədov prezident seçkilərinin tarixindən, seçki qanunvericiliyi və bu sahədə qəbul edilmiş hüquqi aktlar barədə ətraflı danışıb. Samux rayonunda ilk dəfə səs verən gənclərin sayı 685 nəfərdir. Bu cür tədbirlərin keçirilməsi maarifləndirmə sahəsində böyük rol oynayır.

Tədbirdə iştirak edən gənclərdən Rasim İmamquliyev, Arif Ağayev və başqaları Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasətinin prioritetlərindən, gənclərə göstərilən diqqət və qayğıdan danışaraq seçkilərdə fəal iştirak edəcəklərini bildiriblər.

Nəzakət

Bütün xəbərlər Facebook səhifəmizdə