Neftçala seçiciləri qərarlıdır - "İlhamla irəli"

Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Neftçala rayon şöbəsi təbliğat-təşviqat kampaniyası uğurla davam etdirir. Kampaniya çərçivəsində rayondakı növbəti görüş qadın seçicilər və Bankə qəsəbəsinin sakinləri ilə keçirilib.

Hər iki tədbiri giriş sözü ilə açan YAP Neftçala rayon təşkilatının sədri Anar Cəfərov Azərbaycan Prezidenti Cənab İlham Əliyevin son 15 ildə ölkədə apardığı abadlıq-quruculuq işlərinə, təhsilə, səhiyyəyə, mədəniyyətə, orduya və digər sahələrə ayırdığı diqqəti qeyd edərək ölkəmizin böyük uğurlar qazandığını bildirib: "Ölkə rəhbərliyinin yüksək dəqiqliklə seçdiyi və uğurla həyata keçirdiyi məqsədyönlü siyasət sayəsində son 14 ildə ölkə həyatı üçün strateji əhəmiyyət daşıyan inkişaf proqramlarının hazırlanması və işlək mexanizmlər əsasında həyata keçirilməsi, ən müxtəlif sahələrdə intibah prosesinin geniş vüsət alması ilə səciyyəvidir. Cənab İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə müstəqil Azərbaycan iqtisadi cəhətdən möhkəmlənmiş, qüdrətlənmiş və sosial-iqtisadi yüksəliş, ilk növbədə, insanların gündəlik həyatında özünü daha qabarıq büruzə vermişdir".

Belə bir uğurlu inkişafın naminə seçiciləri Cənab İlham Əliyevə səs verməyə çağırdı.

Tədbirdə Milli Məclisin deputatı Arif Rəhimzadə çıxış edərək prezidentliyə namizəd Cənab İlham Əliyevin əvvəlki seçkilərdə verdiyi bütün vədlərin real həyatda öz əksini tapdığını bildirib. Qeyd edib ki, Prezident İlham Əliyev ölkəmizə rəhbərlik etdiyi illər ərzində Azərbaycan dünyada ən sürətli iqtisadi inkişaf tempinə malik olan, vətəndaşlarının sosial problemlərini həll edən, insanların həyat standartlarının sürətlə yüksəldiyi bir dövlətə çevrilib. O, seçiciləri Azərbaycan dövlətinin gələcək inkişafı üçün çox mühüm əhəmiyyət kəsb edən bu seçki prosesində fəal iştirak etməyə, aprelin 11-də seçki məntəqələrinə gedərək Azərbaycana böyük qələbələr və uğurlar qazandırmış Cənab İlham Əliyevə səs verməyə çağırıb.

Görüşdə çıxış edən "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev qeyd edib ki, son 14 il ərzində Prezident İlham Əliyevin həyata keçirdiyi cəsarətli, düşünülmüş və gələcəyə hədəflənmiş siyasəti nəticəsində müstəqil Azərbaycanın bütün sosial-iqtisadi sahələrində əldə olunan misilsiz uğurlar, ölkəmizdə yüksələn dinamika ilə davam edən tərəqqi, reallaşdırılan çoxşaxəli və sistemli iqtisadi və siyasi islahatlar hər kəsin göz önündə baş verib. Vurğulayıb ki, Azərbaycanda mövcud olan inkişaf və tərəqqi, əldə olunan möhtəşəm nailiyyətlər, böyük dəyərimiz olan ictimai-siyasi sabitlik, xüsusilə dünyada müşahidə olunan proseslər fonunda ölkəmizdəki siyasi, iqtisadi, sosial sabitliyimiz məhz düşünülmüş Cənab İlham Əliyev siyasətinin nəticəsidir. O, seçiciləri seçkilərdə fəal olmağa və əldə olunan nailiyyətlərin, ölkəmizdəki ictimai-sabitliyin davamlı olması üçün Yeni Azərbaycan Partiyasının namizədinə səs verməyə çağırıb.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə