"İmtahanlarda gözlənilən çətinlik səviyyəsi özünü tam doğrultmadı" - EKSPERT AÇIQLADI

"Dördüncü ixtisas qrupu üzrə keçirilən qəbul imtahanları ilə bağlı sosial şəbəkələrdə, mətbuatda, abituriyentlər, valideynlər və müəllimlər arasında ciddi narazılıqların müşahidə olunmaması onu göstərir ki, Dövlət İmtahan Mərkəzi bu dəfə sualların hazırlanmasında daha balanslı yanaşma nümayiş etdirib".

Bunu SİA-ya açıqlamasında təhsil eksperti Məzahir Məmmədli deyib.

Onun sözlərinə görə, buraxılış imtahanlarında tətbiq olunan və bir çox müzakirələrə səbəb olan çətinlik səviyyəsinin qəbul imtahanlarında da davam edəcəyi gözlənilirdi: "Xüsusilə ikinci və üçüncü ixtisas qrupları üzrə keçirilən imtahanlardan sonra dördüncü qrupda da oxşar sərtliyin olacağı proqnozlaşdırılırdı. Lakin imtahanın məzmunu və sualların xarakteri göstərdi ki, gözləntilər tam olaraq özünü doğrultmadı.

Suallar əsasən ümumtəhsil məktəblərində tədris olunan proqramlara, tədris standartlarına və kurikulumun tələblərinə uyğun şəkildə tərtib olunmuşdu. Bu da imtahan iştirakçılarının əksəriyyəti tərəfindən müsbət qarşılandı.

Bununla belə, təhsil ekspertləri hesab edirlər ki, builki qəbul kampaniyasının nəticələri ötən illərlə müqayisədə müəyyən fərqlər göstərə bilər. Proqnozlara əsasən, bəzi ixtisaslar üzrə keçid ballarında təxminən 20–30 bal, bəzi hallarda isə bundan bir qədər çox və ya az dəyişikliklərin müşahidə olunması mümkündür.

Bu vəziyyətin əsas səbəblərindən biri buraxılış imtahanlarının nəticələrinin ali təhsil müəssisələrinə qəbul prosesinə təsir etməsidir. Buraxılış imtahanlarında əldə olunan nəticələr ümumi müsabiqə göstəricilərinə təsir etdiyindən, qəbul ballarında müəyyən dəyişikliklərin baş verməsi ehtimal olunur.

Yekun nəticələri isə yalnız bütün ixtisas qrupları üzrə imtahanlar başa çatdıqdan və statistik təhlillər aparıldıqdan sonra daha dəqiq qiymətləndirmək mümkün olacaq".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə