"Peşə təhsilinə marağın artması əmək bazarının tələblərindən qaynaqlanır" - AGENTLİK RƏSMİSİ

Son illərdə peşə təhsilinə maraq nəzərəçarpacaq dərəcədə artıb. Bu artım əmək bazarında texniki və peşə ixtisaslarına olan yüksək tələbatla birbaşa əlaqəlidir.

Bu fikirləri SİA-ya açıqlamasında Peşə Təhsili üzrə Dövlət Agentliyinin PR sektor müdiri Aytən Səfərəliyeva bildirib.

O, qeyd edir ki, hazırda sənaye, elektrik işləri, qaynaqçılıq, kənd təsərrüfatı, aşpazlıq, dərzilik və xidmət sektoru üzrə ixtisaslı kadrlara ehtiyac böyükdür: "Peşə təhsili müəssisələrində yeni emalatxanaların və tədris sahələrinin məhz bu istiqamətlər üzrə yaradılması da əmək bazarının real tələblərini əks etdirir. Bundan əlavə, dual təhsil modelinin genişlənməsi işəgötürənlərin həm nəzəri biliklərə, həm də praktiki bacarıqlara malik mütəxəssislərə üstünlük verdiyini göstərir.

Gələcəkdə ölkədə sənayeləşmə prosesinin sürətlənməsi, yaşıl enerji layihələrinin genişlənməsi, kənd təsərrüfatının modernləşdirilməsi, xidmət sektorunun inkişafı və rəqəmsallaşmanın dərinləşməsi nəticəsində texniki və yüksək texnoloji sahələr üzrə kadr ehtiyacının daha da artacağı gözlənilir.

Bu məqsədlə peşə təhsilinin maddi-texniki bazası gücləndirilir, yeni təhsil müəssisələri yaradılır və əmək bazarının tələblərinə uyğun kadr hazırlığı genişləndirilir. Qarşıya qoyulan hədəflərə əsasən, 2030-cu ilədək peşə təhsili müəssisələrinə qəbul olunan tələbələrin sayının əlavə 8 min nəfər artırılması planlaşdırılır. Bu isə gələcəkdə ixtisaslı kadrlara tələbatın daha da yüksələcəyindən xəbər verir".

Lətifə Abdıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə