Bakıda “Multidisiplinar Radiologiya Forumu” keçirilib

İyunun 6-da Bakıda Səhiyyə Nazirliyi, Milli Onkologiya Mərkəzi, Onkoloqlar Cəmiyyəti və Radioloqlar Cəmiyyətinin birgə təşkilatçılığı ilə “Multidisiplinar Radiologiya Forumu” keçirilib. Forum radiologiya sahəsində çalışan mütəxəssislərin elmi bilik və təcrübə mübadiləsinin təşviqi, müasir diaqnostik və müalicə yanaşmalarının müzakirəsi məqsədilə təşkil olunub.

Mərkəzdən SİA-ya verilən məlumata görə, forumu giriş sözü ilə Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimli açaraq, Mərkəzin Baş direktoru, akademik Cəmil Əliyevin təbrikini və onun forumun əhəmiyyəti ilə bağlı fikirlərini tədbir iştirakçılarına çatdırıb. Akademik Cəmil Əliyev öz təbrikində belə tədbirlərin elm sahəsində beynəlxalq inteqrasiyanın, təcrübə mübadiləsi prosesinin elmi-tədqiqat müəssisələrinin fəaliyyətində mühüm rol oynadığını xüsusi vurğulayıb.

Tədbirdə Azərbaycanla yanaşı, müxtəlif ölkələrdən dəvət olunmuş mütəxəssislər iştirak ediblər. Forum çərçivəsində radiologiyanın aktual istiqamətləri, görüntüləmə metodlarının klinik praktikada tətbiqi, onkoloji xəstəliklərin diaqnostikasında və müalicə planlamasında radiologiyanın rolu, multidisiplinar yanaşmanın əhəmiyyəti və bu sahədəki son yeniliklər müzakirə olunub. Tədbirdə yerli məruzəçilərlə yanaşı, Türkiyədən dəvət olunmuş tanınmış mütəxəssislər – professor Mustafa Seçil və professor Murat Danacı məruzələrlə çıxış edərək öz təcrübələrini iştirakçılarla bölüşüblər.

Xarici və yerli məruzəçilərin təqdimatları forum iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. 250-dən çox iştirakçının qatıldığı forum radiologiya sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi, peşəkar əlaqələrin möhkəmləndirilməsi və elmi biliklərin paylaşılması baxımından mühüm platforma rolunu oynayıb.

Forumun sonunda iştirakçılar radiologiya sahəsində müasir yanaşmaların tətbiqi və multidisiplinar əməkdaşlığın inkişaf etdirilməsinin səhiyyə xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə mühüm töhfə verdiyini vurğulayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə