“Gələcəyin əmək bazarında peşə təhsilli kadrlara tələbat daha da artacaq” - TƏHSİL MÜTƏXƏSSİSİ
Hesab edirəm ki, gələcək illərdə əmək bazarında ən çox tələb olunan kadrların əhəmiyyətli hissəsi məhz peşə təhsili müəssisələrində hazırlanacaq. Texnologiyaların sürətli inkişafı, sənayenin modernləşdirilməsi və iqtisadiyyatın müxtəlif sahələrində ixtisaslı işçi qüvvəsinə ehtiyacın artması peşə təhsilinin rolunu daha da gücləndirir. Bu fikirləri SİA-ya açıqlamasında təhsil mütəxəssisi Çingiz Səfərli bildirib.

Onun sözlərinə görə, son illərdə Azərbaycanda peşə təhsilinin inkişafı istiqamətində mühüm addımlar atılır. Uzun müddət cəmiyyətdə ikinci seçim kimi qəbul olunan peşə təhsili artıq yeni inkişaf mərhələsinə qədəm qoyur və əmək bazarının tələblərinə uyğun kadr hazırlığında mühüm rol oynayır.
Mütəxəssis qeyd edib ki, bu sahəyə dövlət səviyyəsində də xüsusi diqqət göstərilir. Həm “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda, həm də Azərbaycan Respublikası Prezidentinin 5 dekabr 2025-ci il tarixli “Peşə təhsili sisteminin potensialının gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamında peşə təhsilinin inkişafı prioritet istiqamətlərdən biri kimi müəyyən edilib.
Sərəncama əsasən, 2026–2030-cu illərdə ölkədə müasir standartlara cavab verən 21 peşə təhsili müəssisəsinin tikilməsi, 2 peşə təhsili müəssisəsinin isə əsaslı təmiri nəzərdə tutulur. Bu qərar dövlətin peşə təhsilinə verdiyi önəmin və sahənin gələcəyinə olan inamının bariz göstəricisidir. Bu gün peşə təhsilinə qoyulan investisiyalar gələcəyin peşəkar kadrlarının hazırlanmasına yönəlmiş strateji sərmayədir.
Çingiz Səfərlinin fikrincə, yaxın gələcəkdə informasiya texnologiyaları, kibertəhlükəsizlik, proqram təminatının hazırlanması, sənaye avtomatlaşdırılması, robototexnika, elektrik və elektronika sahələrində peşəkar kadrlara tələbat daha da artacaq. Eyni zamanda, yaşıl enerji sektorunda, xüsusilə günəş və külək elektrik stansiyalarının quraşdırılması və texniki xidməti ilə məşğul olan mütəxəssislər əmək bazarında üstün mövqeyə sahib olacaqlar.
O bildirib ki, kənd təsərrüfatı sahəsində də peşə təhsilinin əhəmiyyəti getdikcə artır. Müasir aqrotexnologiyaları mənimsəyən aqronomlar, kənd təsərrüfatı texnikalarının operatorları, suvarma sistemləri üzrə mütəxəssislər, baytarlar və qida emalı üzrə peşəkar kadrlar gələcəkdə ən çox tələb olunan ixtisaslar sırasında yer alacaqlar. Bununla yanaşı, tikinti, logistika, nəqliyyat, elektrik, mexanika, qaynaqçılıq, sənaye avadanlıqları üzrə texniklər, eləcə də xidmət və turizm sahəsində çalışan mütəxəssislər də əmək bazarında mühüm yer tutacaqlar.
Mütəxəssis hesab edir ki, valideynlər peşə təhsilinə köhnə stereotiplərlə yanaşmamalıdırlar. Onlar anlamalıdırlar ki, övladlarının uğurlu gələcəyi seçdikləri sahədə peşəkar mütəxəssis kimi formalaşmalarından asılıdır. Müasir dövrdə əmək bazarı diplomdan daha çox bacarıq, səriştə və praktiki təcrübə tələb edir. Buna görə də təkcə ali təhsil diplomuna sahib olmaq artıq uğurun əsas göstəricisi sayılmır.
“Konkret bacarığı, peşə vərdişi və iş təcrübəsi olmayan ali təhsilli gəncləri gələcəkdə peşə təhsili almış, öz sahəsini dərindən bilən peşəkar mütəxəssislər əvəz edə bilər. İşəgötürən üçün əsas məsələ diplomun adı deyil, şəxsin öz işini nə dərəcədə peşəkar yerinə yetirməsidir. Buna görə də gənclərin əmək bazarında rəqabətədavamlı olması üçün onların real bacarıqlar qazanmasına, peşə vərdişlərinə yiyələnməsinə və istehsalat təcrübəsi keçməsinə xüsusi diqqət yetirilməlidir”, – deyə o vurğulayıb.
Sonda Çingiz Səfərli bildirib ki, gələcəyin uğurlu gəncləri yalnız nəzəri biliklərə deyil, həm də praktik bacarıqlara malik olan, dəyişən texnologiyalara uyğunlaşa bilən və ömürboyu öyrənməyə hazır şəxslər olacaq. Onun sözlərinə görə, peşə təhsili həm məşğulluğun artırılması, həm də ölkənin iqtisadi inkişafının sürətləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır.
Lətifə Abdıyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB