Naxçıvanda sertifikatlaşdırma imtahanında müəllimlərin 41 faizi yüksək nəticə göstərib
Naxçıvan Muxtar Respublikasında dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırma prosesinin ikinci dövriyyəsi üzrə keçirilən test imtahanları yekunlaşıb.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən SİA-nın bölgə müxbirinə bildirilib ki, ️test imtahanlarında alman, fransız, ingilis, rus dilləri, Azərbaycan dili, Azərbaycan dili və ədəbiyyatı, informatika, riyaziyyat, kimya, biologiya, fizika, ibtidai sinif, coğrafiya, fiziki tərbiyə, gənclərin çağırışaqədərki hazırlığı, musiqi, tarix, təsviri incəsənət və texnologiya müəllimləri iştirak ediblər.
Prosesdə nəzərdə tutulan 2772 müəllimdən 2748-i iştirak edib. Dörd gün davam edən imtahan mərhələsində 99 faiz iştirak göstəricisi qeydə alınıb.
İmtahanda iştirak edən təhsilverənlərin 1124-ü, yəni 41 faizi 51–60 bal aralığında nəticə göstərib. Təhsilverənlərdən 14-ü maksimum nəticə — 60 bal toplayıb. Onlardan 5-i ingilis dili, 1-i Azərbaycan dili və ədəbiyyatı, 2-si riyaziyyat, 1-i biologiya, 3-ü ibtidai sinif və 2-si tarix müəllimidir. Bununla yanaşı, 1312 müəllim, yəni iştirakçıların 48 faizi 30–50 bal aralığında nəticə əldə edib.
Test imtahanları Naxçıvan şəhərində yerləşən 4 və 11 nömrəli tam orta məktəblərdə, eləcə də Naxçıvan Dövlət Peşə Təhsil Mərkəzində yaradılmış imtahan mərkəzlərində təşkil olunub.
Qeyd edək ki, sertifikatlaşdırmanın ikinci dövriyyəsində 2021-ci ildə prosesdə iştirak edərək uğur qazanan, həmçinin 2021–2022-ci illərdə iştirak edib uğur əldə etməyən təhsilverənlər iştirak ediblər.
Xatırladaq ki, Nazirlər Kabinetinin 2022-ci il 18 avqust tarixli qərarına əsasən, dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırma nəticələrinə uyğun olaraq vəzifə maaşlarına əlavələr tətbiq edilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB