Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov media üçün brifinq keçirib
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov media nümayəndələri üçün brifinq keçirib.
SİA xəbər verir ki, brifinqdə I sinfə qəbul prosesi, məktəbəqədər təhsil, müəllimlərin işə qəbulu və təhsil sistemində həyata keçirilən yeniliklər barədə məlumat verilib.
Eşqi Bağırov bildirib ki, I sinfə qəbul prosesi hər il may ayından start götürür və bu il Gəncə-Daşkəsən, Abşeron-Xızı, Bakı şəhəri və Naxçıvan üzrə prioritetli qəbul tətbiq edilən müəssisələrin siyahısı artıq elan olunub. Onun sözlərinə görə, mərhələli qəbul valideynlər üçün daha şəffaf və əlçatan seçim imkanı yaradır, prioritetli mexanizm isə yerləşdirmədə ədalətliliyi təmin edir. Tədris dili üzrə seçim etmək istəyən şagirdlərin müsahibədən keçirilməsi qaydası da təsbit edilib.
Brifinqdə qeyd olunub ki, ölkədə məktəbəqədər təhsilin əhatəliliyi hazırda 40 faiz təşkil edir. Alternativ modellərin tətbiqi istiqamətində işlər aparılır, icma əsaslı məktəbəqədər qruplara 23 935 uşaq, valideyn-dövlət-özəl tərəfdaşlığı çərçivəsində isə 4033 uşaq cəlb olunub. Bu modeldə hər bir uşağın özəl bağçada təhsil haqqının 250 manatı dövlət tərəfindən qarşılanır.
Məlumat verilib ki, 90 min müəllimin əməkhaqqı differensial qaydada tənzimlənəcək, məktəbəqədər müəssisələrdə çalışan təhsilverənlərin sertifikatlaşdırılması ilk dəfə həyata keçiriləcək. 2026-cı ildə sertifikatlaşdırma prosesinin iyun ayında, məktəbəqədər müəssisələr üzrə isə oktyabrda təşkili planlaşdırılır.
Eyni zamanda bildirilib ki, direktor və direktor müavinlərinin işə qəbulunda sertifikatlaşdırma nəticələri əsas meyar kimi nəzərə alınacaq, sertifikatlaşdırmada iştirak etməyən namizədlər üçün isə MİQ və ya diaqnostik qiymətləndirmə nəticələri əsas götürüləcək. Müəllimlərin işə qəbulu müsabiqəsinin test mərhələsinin 1–8 iyul tarixlərində keçirilməsi nəzərdə tutulur.
Qeyd olunub ki, MİQ müsabiqəsində iştirak ödənişli olsa da, sosial həssas qruplara – ilk dəfə iştirak edənlərə, əlilliyi olan şəxslərə, şəhid ailələrinə, müharibə veteranlarına və ünvanlı sosial yardım alan ailələrin üzvlərinə ödəniş tətbiq edilmir.
Brifinqdə həmçinin “Rəqəmsal məktəb” platformasının gələn tədris ilindən Gəncə, Mingəçevir, Sumqayıt, Abşeron və Naxçıvan şəhərlərində tam tətbiq ediləcəyi, kağız jurnalların isə ləğv olunacağı bildirilib.
Eşqi Bağırov sonda media nümayəndələrinin suallarını cavablandırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB