Sual sayının azalması imtahanı asanlaşdırır, yoxsa...? - TƏHSİL EKSPERTİ

Gələn ildən etibarən tam orta təhsil səviyyəsində xarici dil imtahan modelində yeni dəyişikliklərin tətbiqi nəzərdə tutulur. Dövlət İmtahan Mərkəzinin açıqladığı yeni modelə əsasən, tapşırıqların sayı azaldılaraq 26-ya endirilir və əsas diqqət yazı bacarığının daha dərindən yoxlanılmasına yönəldilir. Xüsusilə açıq tipli sualların ləğvi və yazı işinin formatındakı yeniliklər həm şagirdlər, həm də müəllimlər üçün bir çox suallar doğurur. Sual sayının azalması imtahanı asanlaşdırır, ya əksinə? Qrammatikanın azaldılması uşaqların dil biliyinə necə təsir edəcək? Bəs, qapalı tipli sualların artması nəyi dəyişəcək?

Məsələ ilə bağlı təhsil eksperti Məzahir Məmmədli SİA-ya açıqlamasında bildirib ki, Dövlət İmtahan Mərkəzinin indiyə qədər etdiyi dəyişikliklərin heç biri abituriyentlərin xeyrinə olmayıb:

"O cümlədən, indi yeni elan etdikləri qaydalar da buna daxildir. Azərbaycanda Dövlət İmtahan Mərkəzi sistemi açıq tipli suallar tətbiq etdikdən sonra artıq abituriyentlərin, xüsusilə buraxılış siniflərinin ümumi uğur göstəricilərində artım müşahidə olunmayıb. 2024–2025-ci illərdə müvafiq olaraq bir ildə 55, digər ildə isə 43 nəfər yüksək nəticə göstərib. Bu il isə nəticələr cəmi 11 nəfər olub. Yəni ümumilikdə Dövlət İmtahan Mərkəzinin işi elə qurulmalıdır ki, suallar ümumtəhsil məktəblərində qəbul olunmuş normativlərə uyğun tədris edilən proqram əsasında tərtib olunsun və nəticələr buna uyğun qiymətləndirilsin.

Məsələ burasındadır ki, məsələn, Azərbaycan dilindən təqdim olunan açıq tipli sualların əksəriyyəti məntiqə söykənən, geniş məzmunlu mətnlərdən ibarətdir. Bu isə çox vaxt aparır və nəticədə Dövlət İmtahan Mərkəzində marker müəllimlərin çatışmazlığı kimi problemlərə səbəb olur. Belə ki, açıq tipli, xüsusilə mətnə əsaslanan sualların markerlər tərəfindən yoxlanılması və qiymətləndirilməsi ən azı bir ay, bəzən isə bir yarım-iki ay çəkir.

Bunun üzərinə əlavə olunan yeni dəyişiklikləri də gəlsək, artıq xarici dil üzrə dinləmə (SSV) hissəsinə əlavə edilən 15 dəqiqə də kifayət etməyəcək. Bu isə indidən 2027-ci il məzunları üçün ciddi gərginlik yaradır.

Ona görə də daha məqsədəuyğun olardı ki, Dövlət İmtahan Mərkəzi belə qərarları geniş ictimai müzakirədən və Elm və Təhsil Nazirliyi ilə razılaşdırıldıqdan sonra qəbul etsin.

Hazırda yeni nəsli həyata hazırlamaq əvəzinə, onları daha çox sınaq və çətinlik qarşısında qoyuruq. Repetitorların da qeyd etdiyi kimi, çətin və “tələ” xarakterli suallar əlavə gərginlik və problemlər yaradır. Buna ehtiyac yoxdur. Əsas məqsəd məzunları sıxışdırmaq deyil, onların məktəbdə əldə etdikləri bilikləri ölçmək və eyni zamanda onlara motivasiya vermək olmalıdır".

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə