“Dövlət uşaq bağçalarında yerlərin sayı optimallaşdırılaraq 107 minə çatdırılıb" - Eşqi Bağırov
“Ölkə üzrə fəaliyyət göstərən təxminən 4 min məktəbin hamısında eyni səviyyədə qəbul prosesi aparılmır. Tələbatın yüksək olduğu məktəblərlə bağlı xüsusi yanaşma tətbiq olunur”.
SİA xəbər verir ki, bu sözləri Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov media üçün keçirilən brifinqdə deyib.
O bildirib ki, tələbatın yüksək olduğu məktəblərdə ilk mərhələdə seçim hüququ yalnız həmin ərazidə yaşayan valideynlər üçün aktivləşdirilir, müəyyən müddətdən sonra isə boş yerlər üzrə müraciət digər vətəndaşlar üçün açılır.
Eşqi Bağırov qeyd edib ki, məktəbəqədər təhsildə əsas məqsəd əhatə dairəsinin artırılmasıdır və bu istiqamətdə dövlət siyasəti ardıcıl şəkildə həyata keçirilir.
Onun sözlərinə görə, sosial-iqtisadi inkişaf strategiyasına uyğun olaraq məktəbəqədər təhsildə əhatə səviyyəsinin 50 faizə çatdırılması hədəflənir.
Agentlik rəhbəri vurğulayıb ki, hazırda bu istiqamətdə bir neçə model tətbiq edilir: “Dövlət uşaq bağçalarında yerlərin sayı optimallaşdırılaraq 107 minə çatdırılıb, eyni zamanda mövcud resurslardan daha səmərəli istifadə hesabına əlavə yerlər yaradılır”.
Eşqi Bağırov əlavə edib ki, növbəti mərhələlərdə məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi üçün alternativ modellərin tətbiqi davam etdiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB