"Məlumdur ki, "Heydər Əliyev adına təqaüd" cənab Prezidentin imzaladığı müvafiq sərəncamla veriləcək və bakalavr pilləsində əyani təhsil alan, eyni zamanda yüksək təhsil nailiyyətləri ilə fərqlənən 100 nəfər tələbəyə 3 min manat təqaüd təyin olunacaq". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, fəlsəfə doktoru İlqar Orucov deyib.
Onun sözlərinə görə, təbii ki, hər bir müsabiqə üçün müvafiq komissiya yaradılmalıdır: "Bu komissiya ən yaxşı nailiyyətləri olan tələbələrin seçimini həyata keçirməlidir. Cənab Prezidentin imzaladığı təqaüdün verilməsi ilə bağlı olan müvafiq qərarda yüksək nailiyyətlər əldə etməsi məsələsi öz əksini tapıb. Təbii ki, burada həm təqaüdün məbləği, eyni zamanda təqaüd bütünlükdə respublikamızda fəaliyyət göstərən ali təhsil müəssisələrini əhatə edəcək".
İlqar Orucov sözlərinə belə davam edib: "Burada tələbənin yüksək naliyyət əldə etməsi çox mühüm şərtdir. Komissiya həmin şərtləri müəyyənləşdirmir. Cənab Prezidentin sərəncamı ilə həmin şərtləri müəyyənləşdirən müvafiq dövlət qurumları var. Komissiya yalnız seçim işlərini aparacaq və onu yekunda Elm və Təhsil Nazirliyinə təqdim edəcək. Daha sonra seçimlər araşdırılacaq. Əlbəttə, əminəm ki, seçim kifayət qədər şəffaf olacaq. Burada başqa bir məqamlardan danışmaq mümkün belə deyil. Təqüdün Ulu Öndərin adı və cənab Prezidentlə bağlı olması böyük bir məsuliyyət yaradır. Mütləq şəkildə bu təqaüdün ən yaxşı oxuyan tələbələrə verilməsi məsələsi komissiyanın başlıca iş prinsipi olacaq".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə