Mərkəzi Aran Regional Təhsil İdarəsi (Mərkəzi Aran RTİ) ilə Mingəçevir Dövlət Universitetinin (MDU) əməkdaşlığı çərçivəsində “Nümunəvi məktəb” layihəsinin hazırlanması və tətbiqi ilə bağlı ilkin görüş keçirilib.
SİA-nın əldə etdiyi məlumata görə, universitetdən bildirilib ki, Mərkəzi Aran RTİ-nin müdir müavini Cavad Cavadov və MDU-nun Təhsil fakültəsinin dekanı Nizami Zeynalov son illər ölkədə təhsilin keyfiyyətinin artırılması istiqamətində görülən işlər, təhsilin inkişafı istiqamətində icra olunan layihələr haqqında məlumat verib, MDU ilə Mərkəzi Aran RTİ arasında olan əməkdaşlığın uğurlu model kimi fərqləndiyini və gələcəkdə birgə fəaliyyətlərin artacağına əminliklərini söyləyiblər. Layihənin 1 şəhər və 6 rayonda icrasının nəzərdə tutulduğu, seçilmiş məktəblərin idarəetmə, sənədləşmə, infrastruktur, maddi-texniki baza və tədrisin təşkili vəziyyətinin öyrənilməsi və inkişaf etdirilməsi məqsədilə ilə bağlı meyarlar hazırlanacağı, həmçinin Mərkəzi Aran RTİ ilə MDU-nun əməkdaşları tərəfindən sənədləşmə işinin aparılması, məktəb idarəetməsi, tədrisin təşkili istiqamətində nəzəri və praktiki dəstək və metodiki xidmətin göstəriləcəyi bildirilib.
Layihə ilə bağlı ətraflı məlumat verildikdən sonra görüş iştirakçıları arasında fikir mübadiləsi aparılıb, təkliflər dinlənilib. Müzakirənin sonunda layihənin icrası ilə bağlı müvafiq işçi qrupu yaradılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə