"Vaxtınızı dəyərləndirin və hədəflərinizi doğru müəyyənləşdirin" - TƏLƏBƏ İLƏ MÜSAHİBƏ
Bakı şəhəri, Xətai rayonu Ayaz Məhərrəmov adına 95 saylı tam orta məktəbin məzunu, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Beynəlxalq münasibətlər ixtisası üzrə tələbə adını qazanmış Yəhyazadə Nigar Sabir qızının SİA-ya müsahibəsini təqdim edirik:
- Universitet və ixtisas seçimindən razısınız? Kodlaşdırmada neçənci yerə qəbul oldunuz?
- Bəli, çox razıyam. Kodlaşdırmada 3-cü yerə qəbul olunmuşam.
- Bu qrupa verməyə necə qərar verdiniz? Sizi kim yönləndirdi? Kim məsləhət gördü?
- Uşaqlıqdan daha çox humanitar elmlər sahəsinə marağım olub. Dövlətlər və xalqlar arasında baş verən hadisə və proseslərin hərtərəfli öyrənilməsi, Azərbaycanın xarici siyasət və diplomatiyası tarixinin araşdırılması diqqətimi cəlb edirdi. İxtisas seçərkən tərəddüdlərimi hazırlıq müəllimlərimdən tarix müəllimim Könül xanım və 9-cu sinifə qədər sinif rəhbərim olmuş coğrafiya müəllimim Sevinc xanımla bölüşdüm və qərar verməyimdə onların tövsiyələrinin də rolu oldu.
- Bəs uşaqlıqda xəyalını qurduğunuz bir peşə var idimi?
- 5-ci sinifdən sosial-psixologiya sahəsi ilə maraqlanırdım və hər zaman özümü sosial-psixoloq kimi görürdüm.
- Orta məktəbdə oxuyarkən digər şagirdlərdən nə ilə fərqlənmisiniz? Ümumiyyətlə, orta məktəbdə necə oxuyurdunuz?
- Mən 1-ci sinifdə oxuyarkən, həm də Rafiq Babayev adına 25 saylı 11 illik musiqi məktəbinin 1-ci sinifində fortepiano ixtisası üzrə təhsil almağa başlamışam. Açığını deyim ki, mənim bu sahədə uğur qazanacağıma həmin məktəbin bütün müəllimləri inanırdılar. Bu, həm də mənim valideynlərimin böyük arzusu idi ki, mən musiqi təhsili alım. Musiqi məktəbindəki 11 illik təhsil müddətində bir çox uğurlarım olub. Məktəbimizin təşkilatçılığı ilə keçirilən çoxsaylı konsertlərdə iştirakım mənə çox şey qatdı. Bunların sırasında Bakı Musiqi Akademiyasının səhnəsində şəhid Kəmaləddin Məmmədzadənin xatirəsinə həsr olunmuş konsertdə konsertmeyster olmağım, Qazaxıstanda keçirilən Antonina Dvorjakın 180 illiyinə həsr olunmuş müsabiqədə 2-ci yer laureatı olmağım məni həmyaşıdlarımdan fərqləndirirdi.
Ümumiyyətlə isə, məktəbdə əlaçı olmuşam.
- İmtahanöncəsi stress necə? Çox həyəcan keçirdiniz?
- Təbii ki, hər kəsdə həyəcan olur, məndə də o cümlədən.
- Tələbələr çox vaxt universitet illərində gəzib əylənmək istəyir. Sizin necə belə istəkləriniz var?
- Daha çox seçdiyim ixtisasın incəliklərini öyrənmək, çoxsaylı araşdırmalar aparmaq istəyirəm.Təbii ki, bütün gənclər kimi mənim də istirahət hüququm var (red: gülür).
- Gələcək karyeranız üçün nə düşünürsüz, ixtisasınızla bağlı hədəfləriniz nələrdir?
- Hərtərəfli inkişaf etmək, beynəlxalq münasibətlər üzrə savadlı mütəxəssis olmaq istəyirəm. Həmçinin, hədəfimdə bakalavr təhsilini bitirənədək dil bilgilərimi təkmilləşdirmək və sayını çoxaltmaq da var.
- Başqa abituriyentləri ruhlandırmaq üçün onlara nə deyə bilərsiniz?
- Vaxtınızı dəyərləndirin, hədəflərinizi doğru müəyyənləşdirin və ən əsası özünüzə güvənin.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)


USD
EUR
GBP
RUB