"Sertifikasiya imtahanının təşkil olunması müəllimləri öz üzərində daha çox işləməyə təşviq edir" - MÜƏLLİMLƏR DANIŞDI

"Sertifikasiya imtahanının təşkil olunması müəllimləri öz üzərində daha çox işləməyə təşviq edir" - MÜƏLLİMLƏR DANIŞDI

Məlumdur ki, ötən gün müəllimlərin sertifikasiya imtahanı keçirilib. İmtahanda 1 939 müəllim iştirak etmişdi. Yaşı 60-dan aşağı müəllimlərin keçirilən imtahanda davamiyyəti 93 % təşkil edib. Ölkə ərazisində isə imtahan 4 şəhərdə həyata keçirilib. Bəs, imtahan necə keçib? Ümumiyyətlə, imtahanda iştirak etmiş, yaxud iştirak edəcək müəllimlərin təəssüratları, tələb və təklifləri nələrdir? SİA müəllimlərin fikirlərini öyrənib.

Xaçmaz rayon Köhnə Xaçmaz tam orta məktəbinin ibtidai sinif müəllimi Kəmalə İbrahimxəlilova: "Mənim 50 yaşım və 30 il iş stajım var. Avqust ayının 29-u imtahana daxil oldum. Proses çox yaxşı keçdi. 43 bal topladım.

Azərbaycan dili fənnindən Ülvi Osmanlı, Riyaziyyat fənnindən isə Nail Sadıqov ilə hazırlıq keçmişəm. Onları tanıdığıma görə çox şadam.

Düşünürəm ki, illərlə təcrübəsi olsa da, müəllimləri imtahan etmək müsbət addımdır. Bütün müəllimlərə uğurlar arzulayıram".

İsmayıllı rayonu Kürdmaşı kənd tam orta məktəbinin ibtidadi sinif müəllimi Nuranə Bağırova: "Düşünürəm ki, sertifikasiya imtahanının təşkil olunması müəllimləri öz üzərində daha çox işləməyə təşviq edir. Biz gənclər MİQ-də bir-birimizlə rəqabətdə idiksə, artıq bu mərhələdə rəqabətimiz özümüzlə, öncəki nailiyyətimizlədir. İnkişafın ən mühüm mərhələsi isə mənə görə, elə budur.

Eyni zamanda, bu mərhələdə digər yaş qrupundan olan müəllimlərin prosesə cəlb edilməsi onlar üçün də özü ilə rəqabətə şərait yaradır. 60 yaşdan yuxarı müəllimlər imtahandan azad olduğu halda, könüllü olaraq bu mərhələdə iştirak edən müəllimlərimi görmək mənimçün sevindirici və ilhamvericidir. Bəli, mən də pedaqoji stajı 3 ildən- 5 ilədək olan imtahan verəcək müəllimlər sırasındayam. Həyəcanlıyam. Fikrimcə, həyəcan insana xas olan ən təməl duyğulardandır və hər birimizin bunu hiss etməsi normaldır. Bir az həyəcan olsa da, özümə inamım tamdır. İmtahana hazırlaşmağa çox qısa zamanımız oldu. Lakin özümü hazır hiss edirəm. İmtahanın öncəki imtahanlarla eyni səviyyədə təşkil ediləcəyinə və istənilən halda nəticəmin yüksək olacağına inanıram. İmtahanda iştirak edəcək bütün müəllimlərə uğur arzulayıram".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə