Müəllimlərin sertifikasiya imtahanı necə keçib? - MÜƏLLİMLƏR DANIŞDI
Məlumdur ki, dünən müəllimlərin sertifikasiya imtahanı keçirilib. İmtahanda 1 939 müəllim iştirak etmişdi. Yaşı 60-dan aşağı müəllimlərin keçirilən imtahanda davamiyyəti 93 % təşkil edib. Ölkə ərazisində isə imtahan 4 şəhərdə həyata keçirilib. Bəs, imtahan necə keçib? Müəllimlərin təəssüratları, tələb və təklifləri nələrdir? SİA dünən imtahana daxil olmuş müəllimlərin fikirlərini öyrənib.
İbtidai sinif müəllimi Kəmalə Quliyeva: "29-u imtahana daxil oldum. Proses çox yaxşı keçdi. 45 bal topladım.
Düşünürəm ki, illərlə təcrübəsi olsa da müəllimləri imtahan etmək müsbət addımdır. Ancaq işdən azad edilmə məsələsi istisnadır. Belə ki, zəif nəticə göstərən müəllimləri təkmilləşdirmə kurslarına cəlb etsələr çox yaxşı olardı. Qeyd edim ki, mənim 41 yaşım və 20 il iş stajım var. Hacı Zeynalabdin Tağıyev adına 123 nömrəli məktəbin ibtidai sinif müəllimiyəm.
Mən İPG və MHM tədris mərkəzinin müəllimləri ilə hazırlıq keçmişəm.İPG tədris mərkəzində Azərbaycan dili fənnindən Ülvi Osmanlı, riyaziyyat fənnindən isə Rafiq Hüseynovla, daha sonra isə MHM tədris mərkəzinin riyaziyyat müəllimi Elmin Əsgərzadə ilə hazırlıq keçmişəm. Onları tanıdığıma görə çox şadam. Bütün müəllimlərə isə uğurlar arzu edirəm".
İbtidai sinif müəllimi Mahizər Əliyeva: "64 yaşım var. Ötən il müəllimlərin sertifikasiya imtahanı zamanı səhhətimlə bağlı problem yaşadım. Belə ki, ağır əməliyyat keçirmiş və imtahanda iştirak edə bilməmişdim. Lakin suallara nəzər yetirdikdə çox təəssüf hissi keçirdim. "Kaş mən də iştirak edə biləydim" dedim.
Riyaziyyat və kurikulumdan özümə çox güvənirdim. Qarşıdan gələn sertifikasiya imtahanında iştirak edib 50-dən yüksək bal toplamağı özümə məqsəd qoymuşam. İmtahana hazırlaşdığım Ülvi müəllim sayəsində Azərbaycan dilindən də özgüvənim artdı. Avqustun 29-u imtahanda iştirak etdim. Amma iştirakımı ailəmdən heç kimə söyləmədim. Çünki bu zaman ciddi məsuliyyət yaranır və mənə qətiyyən stress olmazdı.
Mənə Yasamal rayonu 158 nömrəli məktəbin direktoru Mehriban Ələkbərova da çox dəstək oldu. Zəng edib "İmtahanda iştirak et. Biz sənə daim güvənirik" dedi.
İmtahandan 45 dəqiqə tez çıxmışdım. Tərəddüd etdiyim heç bir sual yox idi. Düşündüm ki, 60 bal yığmışam. Amma nəticəm 50 oldu. Bəlkə də cavabladığım suallara bir də nəzər yetirsə idim səhvlərimi görərdim. Digər yandan da səhhətimlə bağlı dərman qəbul etməli idim. Buna görə də əlavə stress yaşayırdım. Çox yaxşı olardı ki, 50 balları da 35 faiz artıma salardılar".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə