"Yeni agentliklərin fəaliyyəti nazirliyin yükünü azaldacaq" - TƏHSİL EKSPERTİ BİLDİRDİ

"Yeni agentliklərin fəaliyyəti nazirliyin yükünü azaldacaq" - TƏHSİL EKSPERTİ BİLDİRDİ

"Ölkə başçısının qərarı ilə Elm və Təhsil Nazirliyinin tabeliyində bundan sonra əlavə iki agentlik də fəaliyyət göstərəcək. Peşə və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin nümunəsində görürük ki, müstəqil agentlik kimi fəaliyyət göstərən qurumlar özlərinin kuratorluq etdiyi istiqamətlərdə yüksək faydalılıq nümayiş etdiriblər. Buna görə də yeni fəaliyyətə başlayacaq istər Məktəbəqədər, istərsə də Ümumi Təhsil üzrə Dövlət Agentliyinin faydalı iş əmsalının yetərli olacağına qəti şübhə etmirəm. Çünki bu zaman fokuslanma tam surətdə həyata keçirilir”. Bu sözləri SİA-ya açıqlamasında təhsil üzrə ekspert Elmin Nuri deyib.

Onun sözlərinə görə, bu iki agentlik Prezidentin verdiyi əsasnamədə öz əksini tapmış tapşırıqlar əsasında fəaliyyət göstərəcək və onların həyata keçirilməsindən birbaşa məsul olacaq: "Məsələn, təhsil müəssisələrində beynəlxalq standartlara cavab verən təhsil şəraiti və mühitin yaradılması üçün tədbirlərin görülməsi, məktəbəqədər və ümumtəhsilin keyfiyyətinin artırılması məqsədilə müxtəlif istiqamətli layihələrin həyata keçirilməsi və s. Göründüyü kimi, modern təhsilin tələbləri burada öz əksini tapır. Bunları həyata keçirəcək müstəqil agentliyin olması labüd idi. Agentliklərin fəaliyyəti eyni zamanda, nazirliyin yükünü də azaltmış olacaq. Düşünürəm ki, bundan sonra istər məktəbəqədər və ümumtəhsil istiqamətində, istərsə də ali təhsil istiqamətində çoxsistemli və mütəşəkkil şəkildə işlər həyata keçiriləcək".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə