"Bağça sahibləri daha çox qazanc əldə etməyə çalışır" - EKSPERT BİLDİRDİ

"Bağça sahibləri daha çox qazanc əldə etməyə çalışır" - EKSPERT BİLDİRDİ

"Azərbaycanda təhsil sistemi məktəbəqədər mərhələdən başlayır. 1-7 yaş arası uşaqlar üç pillədən ibarət olaraq bağçada təhsil alırlar. Son dövrlərdə uşaqlar bağçadan sonra məktəbəhazırlıq qruplarında təhsil alırlar. Ümumiyyətlə, Azərbaycan rayonlarında demək olar ki, bağça anlayışı artıq yoxa çıxmaq səviyyəsindədir. Real fakt bundan ibarətdir ki, Azərbaycanda uşaqların 15-20%-i bağça təhsili görür. Halbuki bağça təhsili almış uşaqlar daha intellektual sayılırlar". Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Cahid İmanlı deyib.

Onun sözlərinə görə, 2022-ci ilə qədər məktəbəhazırlıq qruplarının təşkili İcra Hakimiyyətlərinin tabeliyində olub: "Bu da bir çox dövlət ümumtəhsil qurumlarda neqativ halların çoxalmasına gətirib çıxarıb. Bağçalarda müəllimlərin işə qəbul prosesi dövlət səviyyəsində aparılmırdı. Amma 2022-ci ildə dövlət məktəbəqədər təhsil müəssisələri Təhsil Nazirliyinin ixtiyarına verildi. Nazirlik onlar üçün həm fənn kurikulumlarının yaradılması haqqında qərar verdi, həm də məktəbəqədər təhsil sistemində çalışanların sertifikasiyaya cəlb olunması və işə qəbul prosesinin düzgün aparılmasını təmin etdi. Məktəbəqədər təhsil sistemini iki yerə bölmək olar. Biri tədris məsələsi, digəri isə maddiyyat məsələsidir. Bugünkü gündə cəmiyyəti daha çox maraqlandıran ikinci məsələdir". Ekspert sözlərinə davam edərək bildirib ki, Azərbaycanda bir müddət nəinki məktəbəqədər təhsil sistemi ilə bağlı çətinliklər var idi, hətta məktəb binaları çatışmazlığı da var idi: "Bunlar yavaş-yavaş aradan qaldırılıb. Amma bağçaların tikilməsi məsələsi çətin idi deyə özəl bağça və məktəbəqədər təhsil müəssisələrinin yaradılmasına icazə verilmişdi. Qeyd edim ki, ilk özəl məktəb 2001-ci ildə açılıb.

Bu gün Azərbaycanda özəl bağçalarda qiymətlər 350-3000 manat arasında dəyişə bilir. Qonşu ölkələrə nisbətən Azərbaycanda qiymətlər daha yüksəkdir. Ölkəmizdə uşaq pulu da verilmədiyi üçün bağçalara bir uşağa görə 350 manatın verilməsi hər ailənin maddi durumuna uyğun deyil. Valideynlər nəzarət etməlidir ki, bu qiymətlərə hansı şərait daxildir.

Dövlətin qayğısına gəldikdə isə demək olar ki, 2014-cü ildən başlayaraq bütün özəl dövlət müəssisələri gəlir vergisindən azad edilib. Bu səbəbdən qiymətlər bir qədər aşağı salınmalı idi. Amma bağça sahibləri daha çox qazanc əldə etməyə çalışırlar. Özəl bağçalarda alınan məbləğin demək olar ki, 50%-i uşaqlara xərclənir. Qalan hissəsi isə asan qazanc mənbəyi kimi istifadə olunur".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə