"Abituriyentlərin daha yaxşı nəticə göstərməyini istəyiriksə ..." - TƏHSİL EKSPERT DANIŞDI

"Abituriyentlərin daha yaxşı nəticə göstərməyini istəyiriksə ..." - TƏHSİL EKSPERT DANIŞDI

“Təəssüf ki, hər il qəbul imtahanlarında yüksək bal toplayanlardan daha çox aşağı nəticə göstərənləri müzakirə edirik. Hər il bal intervalı arasında olan statistik nəticələrə nəzər yetirdikdə görürük ki, aşağı bal toplayanlar əsasən I-IV qruplar üzrə imtahan verən abituriyentlərdir. Məsələn, bu il I-IV qruplar üzrə 42,79% abituriyent 200-dən az bal toplayıb. Amma biz diqqət yetirsək görərik ki, 2018-ci ildə bu qruplar üzrə təxminən 46%-ə qədər 200 baldan aşağı toplayan abituriyent var idi. 2021-ci ildə isə onların sayı 43% təşkil edirdi”. Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Adil Vəliyev deyib.

Onun sözlərinə görə, hər il ümumi abituriyent sayının artması və ya azalması müşahidə olunur: “Eyni zamanda, hər növbəti ildə mövzularda dəyişiklik qəbul edilir. Bütün bunlar abituriyentlərin bilik və bacarıqlarına, onların qəbul göstəricilərinin artıb-azalmasına birbaşa təsir göstərir. İstənilən halda abituriyentlərin daha yaxşı nəticə göstərməyini istəyiriksə, o zaman qəbul qaydalarında müəyyən dəyişikliklər olmalıdır. Bu qaydalarda əzbərçilikdən daha çox praktiki metodlara üstünlük verməliyik. Əvvəllər açıq tipli sualların sayı az olduqda 700 bal toplayanların sayı daha çox idi. Lakin son illərdə açıq tipli sualların sayı artdıqca maksimum nəticə göstərənlərin də sayında azalma müşahidə olunur".

Bütün xəbərlər Facebook səhifəmizdə