317 saylı tam orta məktəbdə SON Zəng çalındı - FOTO

Bu gün Suraxanı rayonu Zığ qəsəbəsi 317 nömrəli tam orta məktəbdə son zəng tədbiri keçirilib. SİA xəbər verir ki, 11-ci sinif məzunları son zənglərini təntənəli şəkildə qeyd ediblər. Son zəngin keçirilməsi üçün məktəbin rəhbərliyi, müəllimlər, şagirdlər tərəfindən böyük hazırlıq işləri aparılıb.

Təşkil olunan tədbiri məktəbin direktoru Leyla Əliyeva açıq elan edib. Tədbirdə öncə xalqımızın Ümummilli lideri Heydər Əliyevin və respublikamızın müstəqilliyi, ərazi bötövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Daha sonra Dövlət himni səsləndirilib və tədbir aparıcıların məktəb xatirələrini əks etdirdiyi fikirlərlə başlanıb.

Məktəbin məzunları 11A, 11B və 11C -sinifləri musiqi sədaları ilə tədbirə daxil olublar. Hər bir sinif hazırladıqları kompozisiyaları nümayiş etdirdi. Onlar müəllimlərinə və öz sinif rəhbərləri – Səfərova Könül, Hebibova Mehriban, Allahverdiyeva Ofelyaya ürək sözlərini bildiriblər. Sonra isə söz sinif rəhbərlərinə verilib. Sinif rəhbərləri şagirdlərlə bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşüblər.

Daha sonra məktəbin direktoru müəllimləri və şagirdləri təltif edib. Məktəb direktoru Leyla Əliyeva şagirdlərin sonrakı həyatlarında uğurlar arzulayıb.

Azərbaycan Respublikasının dövlət bayrağı tədbirə xüsusi olaraq gətirilib.

Sonda isə məktəblilər xatirə fotolarını çəkdirib və tədbir birinci siniflərin və məzunların son zəngi çalması ilə yekunlaşıb.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə