“Təhsilə qarşı sanki düşünülmüş bir basqı var…” - TƏHSİL EKSPERTİ MÜNASİBƏT BİLDİRDİ

“Təhsilə qarşı sanki düşünülmüş bir basqı var…” - TƏHSİL EKSPERTİ MÜNASİBƏT BİLDİRDİ

"Bu kimi video görüntülərin ictimailəşdirilməsi onsuz da zədələnmiş müəllim nüfuzuna növbəti sarsıdıcı zərbədir. Məsələnin mahiyyəti, təkcə hədiyyədə və onun dəyərindədirmi, yoxsa günahkar qismində müəllim və ya valideynin ittiham edilməsində? Əvvəla heç kəs hansısa valideyni övladının ibtidai təhsil pilləsini bitirməsi ilə əlaqədar onun müəlliminə öz diqqət və sayğısını bildirmək əlaməti olaraq hədiyyə verməsinə görə qınaya bilməz. Belə bir jest əslində valideyn tərəfindən onun övladına ikinci valideynlik etmiş müəllimə olan hörmət və minnətdarlığın təzahürüdür". Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Nadir İsrafilov deyib.

Onun sözlərinə görə, hədiyyənin müəllim tərəfindən qəbul edilməməsi isə onun zəhmətini qiymətləndirən valideynə qarşı bir növ hörmətsizlik və saymazlıq kimi də dəyərləndirilə bilər: "Qınağa səbəb olan hal isə hesab edirəm ki, hədiyyənin nümayişkarənə surətdə təqdim edilməsi olub ki, bu da yolverilməz idi. Valideynin emosiyası hardasa başa düşülən olsa belə, müəllim gərək bundan çəkinməli idi. Axı, o müqəddəs və şərəfli müəllim adının daşıyıcısıdır. Bir də ki, bəzi sosial şəbəkələrdə “valideynlərin müəllimə qızıl əşyalar hədiyyə etməsi”, bəzilərində isə “müəllimin valideynlərə özünə qızıl əşyalar aldırması” ilə bağlı iddialar yer alıb. Halbuki, “valideynlərin müəllimə qızıl əşyalar hədiyyə etməsi” ilə “müəllimin valideynlərə özünə qızıl əşyalar aldırması” daban-dabana zidd anlayışlardır. Araşdırılmalı məqam məhz budur".

Nadir İsrafilov sözlərinə belə davam edib: "İstənilən halda, bu kimi olayların ictimailəşdirilib gündəmə gətiriməsi yol verilməzdir. Çünki, hər hansı bu qəbildən olan məsələ böyüdülüb şişirdiləndə müstəvisindən çıxıb, özünə yeni-yeni tərəfdarlar və əleyhdarlar tapır, şou səviyyəsinə qaldırılaraq geniş ictimaiyyəti təhsilin əsas vəzifələrindən yayındırır. Heç də hamı tərəfindən birmənalı qarşılanmayan sıradan olan bir görüntü müəllim haqqında mənfi rəy yaratmaqda, müəllim adına qarayaxma kompaniyasının yeni vüsət almasında kifayət qədər öz işini görmüş olur, onsuz da zədələnmiş müəllim nüfuzuna əlavə bir sarsıdıcı zərbə rolunu oynayır.

Sual olunur bu kimi hallara ictimai sferanın bütün sahələrində bu və ya digər dərəcədə rast gəlindiyi halda, nə üçün ən çox qınağa tuş gələn məhz, məktəb və müəllim olmalıdır? Sanki, hansısa qüvvələr tərəfindən bilərəkdən müəllim nüfuzuna kölgə salınır. Belə bir mövqe heç bir halda problemə ədalətli yanaşma hesab oluna bilməz. Bununla belə, kimlərsə bu kimi görüntülərin yayılmasını aşkarlıq və şəffaflığın prinsipləri kimi dəyərləndirsə də, unutmasınlar ki, müəllimin nüfuzunun aşağılanmasına xidmət edən belə “aşkarlıq” və “şəffaflıq” təkcə müəllimə deyil, bütövlükdə dövlətimizə və cəmiyyətimizə də baş ucalığı gətirmir.

Bu kimi neqativ hesab edilən halların qarşısını almaq üçün bu kimi video görüntüləri tirajlamaq deyil, əlaqədar qurumlara göndərib, araşdırma nəticələrini ictimailəşdirmək daha yüksək vətəndaşlıq borcu olardı, nəinki, bir müəllimin davranışını bütövlükdə müəllim obrazı kimi ümumiləşdirmək yolunu seçmək".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə