Müəllimlərə bahalı hədiyyələr verilməlidir? - ARAŞDIRMA

Son zamanlar müəllimlər təkcə "Müəllimlər Günü"ndə, yaxud 8 Martda deyil, doğum günündə, Novruz, Yeni İl və şagirdlərin Əlifba bayramında da valideynlər tərəfindən hədiyyələrə boğulurlar. Belə ki, bir sıra valideyn qrupu bayram ərəfəsi digər valideynləri də buna təşviq edərək pul yığıb hədiyyə almasını istəyirlər. Müxtəlif siniflərarası valideynlərdən ibarət qruplar pul yığmaq və müəllimə ən bahalı hədiyyə almaq üçün yarışırlar.

Yaxşı, bəs bu müəllim-valideyn və şagird münasibətinə necə təsir edir? Ümumiyyətlə, bu hallar nə dərəcədə doğrudur?

SİA mövzu ilə bağlı araşdırma aparıb.

İlk olaraq xatırladaq ki, ötən gün Xırdalan şəhəri 1 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi ilə bağlı rüşvət iddiaları gündəm olub. Belə ki, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb. Görüntülərdə sözügedən məktəbin ibtidai sinif müəlliminə 4-cü siniflərin məzun günündə valideyn tərəfindən qızıl sırğa və üzük hədiyyə edilərək, taxıldığı əks olunub. Bu paylaşım sosial şəbəkə izləyiciləri tərəfindən sərt tənqidə uğrayıb. Müəllimlərin bu kimi “şirinlik” adı altında rüşvət almaları iddia edilib. Daha sonra isə Yaqut Ağamalıyevanın son davranışı ilə bağlı araşdırma aparılıb. Bu barədə Abşeron-Xızı Regional Təhsil İdarəsindən məlumat verilib. “Xırdalan şəhəri 1 nömrəli tam orta məktəbində 4-cü siniflərin buraxılışı ilə əlaqədar keçirilmiş tədbirdə çəkilmiş video görüntülərlə bağlı bildiririk ki, Abşeron-Xızı Regional Təhsil İdarəsi olaraq sözügedən məktəbin ibtidai sinif müəllimi Yaqut Ağamalıyevanın müəllim nüfuzuna xələl gətirən davranışını qınayır və belə halların yolverilməz olduğunu bir daha vurğulayırıq. Məsələ ilə əlaqədar İdarə tərəfindən araşdırma aparıldığını və ictimaiyyətə əlavə məlumat veriləcəyini bildiririk”, - idarədən qeyd edilib.

İkinci belə bir hal isə bundan sonra yaşanıb. Belə ki, daha bir məktəbdə rüşvət iddiaları gündəm olub. Bununla bağlı görüntülər də sosial şəbəkələrdə yayılıb. Belə ki, Xırdalan şəhəri 9 saylı məktəbin birinci sinif şagirdlərinin valideynləri “Əlifba bayramı”nda müəllimə qızıl qolbaq hədiyyə ediblər. Bu paylaşım sosial şəbəkə izləyiciləri tərəfindən sərt tənqidə uğrayıb. Müəllimlərin bu kimi “şirinlik” adı altında rüşvət almaları iddia edilib.

Müəllimə hədiyyə almaq olarmı?

Türkiyədə mütəxəssislər qeyd edir ki, nə qədər müəllim-şagird münasibəti davam edir, şagirdin və ya valideynin müəllimə hədiyyə alması düzgün deyil. Onlara görə, müəllimlərin bu hədiyyələri alması yolverilməzdir. Belə ki, hədiyyə alan valideynlə almayan valideynlər arasında ixtilaf yaranır, valideyn-övlad münasibətləri, müəllim-şagird münasibətləri korlanır. Türk mütəxəssislərə görə, nə qədər ki, uşaq məktəbdə şagirddir, həm valideyndən, həm də uşaqdan hədiyyə almaq təhsilin keyfiyyətinə mənfi təsir edir, onun təməlini sarsıdır.

Müəllim-valideyn münasibəti necə olmalıdır?

Uşaq təhsili komanda işidir. Bu komandaya müəllim, valideynlər, məktəb rəhbərliyi, uşağın dostları və onların valideynləri daxildir. Bu əlaqələr uşağın cəmiyyətə, həyata və sağlam şəkildə hazırlanmasına kömək etmək üçün mövcuddur.

Müəllimlərin bəzi valideynlərlə xüsusi dostluq münasibəti yaratmasına səbəb nədir?

Müəllim-valideyn münasibəti məqsədyönlü olmalıdır. Yəni şagirdin yaxşı təhsil alaraq inkişaf etməsinə kömək edəcək şəkildə olmalıdır. Bunun üçün həm valideynlər, həm də müəllimlər bir-birlərinə açıq olmalı və bu məqsədlə əlaqələr qurmalıdırlar. Bundan başqa hər hansı niyyət və davranış uşağın tərbiyəsinə mənfi təsir göstərir. Müəllim bütün valideynlərlə eyni məsafədə dayanmalı və balanslı olmalıdır. Yəni müəllim hər bir şagirdin ədalətli inkişafı üçün məsuliyyət daşımalı və ona uyğun əlaqələr qurmalıdır. Bu əlaqə vaxt, səy, qayğı, empatiya, sevgi, məna, anlayış kimi canlı dəyərlər çərçivəsində olmalıdır. Din, dil, irq və ya iqtisadi vəziyyətdə olan hər hansı fərq tələbələr arasında imtiyaz yaratmamalıdır.

Ədalətli olmaq üçün müəllimlər diqqətli olmalıdırlar. Müəllim və valideyn münasibətləri sevgi və hörmət üzərində qurulmalı, onların niyyəti uşaqların inkişafı olmalıdır. Bu, təkcə öz övladlarını, ailələrini deyil, bütün cəmiyyəti, bəşəriyyəti əhatə edən bir niyyət olmalıdır.

Yazıçı-kulturoloq, analitik ekspert Aydın Xan Əbilov: "Təhsil sistemimizdə bir çox problemlər var ki, biz bunları dönə-dönə qabardır, tənqid edir və ictimai qınağa tuş edirik. Amma bu düzəlmir. Onlardan biri də müəllimləri və digər texniki işçiləri mükafatlandırmaq, onlara bəxşiş və hədiyyə verməkdir. Bu məsələ bütün dünyada artıq həll olunub. Hətta bizim özəl məktəblərdə də problem həllini tapıb. Belə ki, bir sıra özəl məktəblərdə müəllimə o qədər yaxşı məvacib verilir ki, o kiminsə əlinə baxmağa ehtiyac duymur. Bu baxımdan, Azərbaycanda son bir neçə hadisə zamanı biz müəllimlərə qızıl-zinət əşyaları hədiyyə verilməsini gördük. Üstəlik bunu çəkib paylaşırlar. Bu məsələ hamını düşündürür və bir qədər ehtiyatlı olmaq lazımdır.

Burada qeyri-qanuni nəsə olduğunu düşünmürəm. 4-cü sinif şagirdlərinin 5-10 manat pul yığıb müəllimə kiçik bir qızıl hədiyyəsi bağışlamasında qəbahətli heç nə yoxdur. Sadəcə, bunu çəkib nümayiş etdirməyə və hamı tərəfindən dəb halını almasına etiraz edirik. Çünki bizim məktəblərdə valideynlər tərəfindən pul yığıb müəllimə və direktora hədiyyə alınması halları var. Bununla bağlı hüquq-mühafizə orqanları kəskin addımlar atıb, cəmiyyət də kəskin qınayır və biz ziyalılar da etirazımızı bildiririk. Bir daha təkrar edirəm ki, müəllimlərə o qədər layiqli məvacib verməliyik ki, onlar kiminsə əlinə baxmasınlar".

Təhsil eksperti Kamran Əsədov: "Son üç il ərzində Azərbaycan təhsilində ciddi geriləmələr müşahidə olunur. Təhsilin idarə olunması, qiymətləndirilməsi, müəllim-şagird və məktəb-valideyn münasibətlərində ciddi problemlər görürük.

Azərbaycan təhsil sistemində ən ciddi problem kimi son dövrlər pul və qiymətli zinət əşyaları tələbetmə məsələsi var. Məktəblərdəki rüşvət hallarına gəldikdə isə, təbii ki, ümumi müəllim adı üçün və müəllimin etik davranış qaydaları üçün bu, xoşgəlməz mənzərədir.

Çox təəssüf ki, biz bu gün valideyn komitələri adı altında "WhatsApp" qruplarında fəaliyyət göstərən birliklərdən xəbərdarıq. Onlar bəzən müəllimlə özünü yaxşı etmək üçün onun xəbəri olmadan valideynlərdən pul yığırlar. Bu tipli vəziyyəti yaradan valideynlərdir. Heç bir müəllim tələb etməz ki, "Mənə qızıl alın". Təbii ki, müəllimlər arasında öz vəzifə- öhdəliklərini yerinə yetirməyənlər, öz repetitor hazırlığına uşaqlar gəlməyəndə onlara psixoloji təzyiq göstərənlər də var. Amma bu iki fakt onu göstərir ki, valideynlər övladlarına 4 il dərs keçən müəllimə bir formada təşəkkür etməyi planlaşdırıblar. Amma bu, xoş olmayan formatda baş tutub. Biz bilirik ki, burada valideyn təşəbbüsü var. Bu təşəkkür ictimai narahatlığa gətirib çıxarır və bu tipli hadisələrə yol verilməsin. Çünki müəllim nüfuzu kəskin şəkildə aşağı düşür.

Bu gün biz müəllim adını qorumaqda maraqlıyıq və yenə də bu gün cəmiyyətin haqlı olaraq təhsilə bir narazılığı var. Çünki son 3 il ərzində təhsil sistemində ədalətli və obyektiv həyata keçirilmir, Elm və Təhsil Nazirliyi milyonlarla vəsaiti qrant olaraq öz yaxınlarına və dostlarına hədiyyə edir, təhsilin keyfiyyəti istiqamətində heç bir addım atılmır, amma dövlət büdcəsindən milyonlarla vəsait xərclənir.

Mən düşünürəm ki, valideynlərin müəllimi təbrik etməsində bir qəbahət yoxdur. Amma istisna hal odur ki, heç kim zorla valideyndən nə isə tələb etməsin.

Bütün Azərbaycan müəllimi ən yüksək imtiyaza və təminatlara layiq olan bir çalışan, bizim hər birimizi öyrədəndir. Bütün peşələr müqəddəsdir, amma biz burada müəllimi xüsusi qeyd etməliyik. Bu gün müəllimlərin yükü çox ağırdır. Biz evdə uşaqlarla işləməyin nə qədər çətin olduğunu bilirik. Biz bilirik ki, valideynlər belə məsələlərdə özləri təşəbbüs edirlər. Burada müəllimi günahkar çıxarmaq etik və doğru deyil. İki videoda görünür ki, müəllim boynunu büküb dayanıb. Bu, yaxşı hal deyil və müəllim ələ baxmamalıdır".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə