“Bütün bunlar təhsil adına yaraşmır” - MÜTƏXƏSSİS AÇIQLADI

“Bütün bunlar təhsil adına yaraşmır” - MÜTƏXƏSSİS AÇIQLADI

”Bildiyimiz kimi, bəzi məktəblərdə müəllimlərə qızıl-zinət əşyalarının hədiyyə olunması ilə bağlı görüntülər yayılıb Əlbəttə, belə hallar düzgün deyil. Burada daha çox günah valideynlərdədir. Amma bir az müəllimdə də günah var”. Bu sözləri SİA-ya açıqlamasında təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi deyib.

Onun sözlərinə görə, valideyn təqdim edirsə, müəllim imtina etməlidir: “Valideynlər bəhsə girir sanki. Uşağına qiymət yaxşı yazılsın, müəllim uşağı fərqləndirsin deyə, onu müxtəlif üsullarla ələ almağa çalışırlar və nəticədə iradəsinə zəiflər bu üsula boyun əyir və tədricən özü də prosesə qoşulur. Amma bizim elə müəllimlər var ki, inanın adi gülü belə almaq istəmir.

Mövcud vəziyyətə gələndə artıq bir ənənə halını alıb deyə bilərik. Alırlar, təqdim edirlər və sosial şəbəkələrdə yayırlar. Bir növ özlərini baha satmağa çalışırlar cəmiyyətə, amma anlamadıqları bir məsələ var: bu ucuzluqdur.

Bu gün 1 milyon 600 mindən çox şagird təhsilin müxtəlif pillələrində təhsil alır. 160 mindən çox təhsilverən onların bilik və bacarıqlarının formalaşmasına çalışır, amma təəssüf ki, bu cür xoşagəlməz hallar ümumi prosesə kölgə salır.

İbtidai təhsili 130 mindən çox şagird bitirir və artıq onlar arasında son günlər baş verən xoşagəlməz hallara yol verənlərin sayı artmaqdadır. Bunu da edən bir daha deyim ki, valideynlərdir. Təhsil adına yaraşmır. Bilirlər ki, cəmiyyət tərəfindən birmənalı qarşılanmayacaq, yenə də çəkinmədən bu tendensiyanı davam etdirirlər.

Fikrimcə, müəllimlər özləri məhz bu hədiyyəni alan müəllimləri qınamaladırlar. Çünki qurunun oduna yaş da yanır misalı, onların etdikləri digər müəllim adını daşıyanlar üçün də xoşagəlməzdir və bu ada xələl gətirir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə