"Şirkətlərə müraciət edərkən diqqətli olmaq lazımdır" - EKSPERT İZAH ETDİ

"Xaricdə distant təhsil alan şəxslərin ölkəmizdə diplomunun tanınıb-tanınması məsələsi məhz qanunvericiliklə tənzimlənir. Yəni Azərbaycan qanunvericiliyində distant təhsil diplomları tanınmır. Ali Təhsil haqqında qanun layihəsi Milli Məclisdə müzakirə edilir, hansı ki, ilk dəfə olaraq belə bir qanun layihəsi qəbul olunacaq". Bu sözləri SİA-ya açıqlamasında Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, fəlsəfə doktoru İlqar Orucov deyib.

Onun sözlərinə görə, bu layihəyə distant təhsillə bağlı bənd daxil edildiyi təqdirdə diplomlar tanına bilər: "Əks halda isə bu mümkünsüz hal olacaq. Biz müvafiq çərçivələri müəyyənləşdirməsək, təbii ki, burada sui-istifadə halları ilə də qarşılaşa bilərik.

Pandemiya distant təhsili gündəmə gətirdi, aktual etdi. Bu baxımdan hesab edirəm ki, ən qabaqcıl təcrübələr öyrənilməli və proses qanunla tənzimlənməlidir. Distant təhsil diplomları tanındığı halda, Azərbaycan universitetləri də distant təhsil vermək imkanı əldə edəcəklər. Əlbəttə burada ixtisaslara görə istisnalar da olacaqdır. Çünki tibb ixtisası üzrə distant təhsil qeyri-mümkündür. Eynilə də bu cür sadalaya biləcəyəmiz bir çox ixtisaslar var.

Xaricdə təhsil almaq üçün universitet seçimində də diqqətli olmaq lazımdır. Təbii ki, dünyanın nüfuzlu universitetlərində təhsil almaq heç bir problemə yol açmaz. Lakin bütün universitetlər də bu sıraya daxil ola bilmir. Xüsusilə də xaricdə təhsil adı ilə gəncləri müxtəlif xarici universitetlərə yönləndirən şirkətlər var. Bu cür şirkətlərə müraciət edərkən diqqətli olmalı və əsaslı araşdırma aparmaq mütləqdir".

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə