Ortaq Türk Dünyası Olimpiadası qaliblərinin mükafatlandırılma mərasimi keçirilib - FOTOLAR

“Heydər Əliyev İli”nə həsr olunmuş Ortaq Türk Dünyası Olimpiadası qaliblərinin mükafatlandırılma mərasimi keçirilib. SİA xəbər verir ki, mərasimdən öncə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) kollektivi Ortaq Türk Dünyası Olimpiadasının iştirakçıları ilə birgə Fəxri xiyabana gələrək Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib, abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər. Qonaqlar Şəhidlər xiyabanı və Türk şəhidliyini də ziyarət ediblər.

Mərasimdə elm və təhsil nazirinin müavini Firudin Qurbanov, BŞTİ-nin müdiri Mehriban Vəliyeva, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti İsa Həbibbəyli, millət vəkilləri, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan respublikalarının ölkəmizdəki səfirləri, Elm və Təhsil Nazirliyinin və BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, ümumi təhsil müəssisələrinin direktorları, şagirdlər, müəllimlər, KİV nümayəndələri və digər qonaqlar iştirak ediblər.

“Çırpınırdın, Qara dəniz” kompozisiyası ilə başlayan tədbirdə Ortaq Türk Dünyası Olimpiadası barədə hazırlanmış videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov olimpiadaya qoşulan bütün qardaş türk ölkələrinin komandalarını təbrik edib.

F.Qurbanov 2023-cü ilin “Heydər Əliyev İli” və Şuşa şəhərinin “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamlarından irəli gələn tədbirlərin həyata keçirilməsi ilə əlaqədar təşkil olunan Ortaq Türk Dünyası Olimpiadasının əhəmiyyətindən bəhs edib. Bildirib ki, türk dünyasının bütövlüyü hər bir türk dövlətinin müstəqilliyinin qorunmasının və möhkəmləndirilməsinin, milli mədəniyyətinin inkişaf etdirilməsinin başlıca və yeganə şərtidir. Bu birliyin daha da gücləndirilməsi baxımından Ortaq Türk Dünyası Olimpiadası bir körpü rolunu oynayır.

Çıxış edən AMEA-nın prezidenti İsa Həbibbəyli, İzmir Aliağa İlçe Milli Eğitim müdiri Erdoğan Akyüz Ortaq Türk Dünyası Olimpiadasının türk ölkələri gəncliyinin əlaqələri və qarşılıqlı inteqrasiyası baxımından yeni səhifələr açdığını bildirib, belə bir olimpiadanın təşkil olunmasını təqdirəlayiq missiya kimi qiymətləndiriblər.

Daha sonra türk ölkələrini təmsil edən olimpiada iştirakçılarının və qaliblərin mükafatlandırılma mərasimi keçirilib.

Tədbir türk xalqlarının rəqsləri əsasında hazırlanmış kompozisiya ilə başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə