Azərbaycanın ərzaq təhlükəsizliyi ilə bağlı hədəfləri genişdir - DEPUTAT

“Azərbaycanı qloballaşan dünyanın bir hissəsi hesab etsək, hazırkı dövrdə tədric olunmuş halda və ya fərdi qaydada ölkənin ərzaq təhlükəsizliyini təmin etmək mümkün deyil. Azərbaycanın iqtisadi sistemi açıq və sərbəstdir. Dünyada baş verən iqtisadi proseslər Azərbaycandan yan ötmür, həmçinin öz təsirini göstərir”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Deputat bildirib ki, son dövrlər bütün dünyada baş verən ekoloji və klimotoloji dəyişikliklər, kənd təsərrüfatı istehsalına yararlı torpaq və su ehtiyatlarının azalması ərzaq məhsullarına qlobal tələbatın yetərincə ödənilməsində ciddi problemlərə səbəb olub: “Bura dünya əhalisinin sayında baş verən artımı da əlavə etsək ərzaq təminatında problemlərin yaranma səbəbini üzə çıxarmış olarıq. Son məlumatlara görə dünya əhalisi sayı 7 milyard nəfəri ötüb və XXI-ci əsrin ortalarında bu rəqəmin 9,2 milyarda çatacağı gözlənilir. Təbii ki, əhalinin artım tempi özlüyündə ərzağa tələbatın artım tempini müəyyən edir, digər tərəfdən isə bu tələbat ilbəil keyfiyyətcə təkmilləşir, dəyişir və yeniləşir. Belə bir şəraitdə istehsalın artımı tələbatın artım dinamikası ilə harmoniya təşkil edir ki, bu da sonda dünyanın ən aktual problemlərindən birinə ərzaq qıtlığına meyllənməyə gətirib çıxarır. Belə olan şəraitdə kənd təsərrüfatı məhsullarının istehsalında məhsuldarlığın artırılması məqsədilə mütəmadi olaraq elmi tədqiqatlar aparılır, yeni texnika və texnologiyaların tətbiq edilir”.

A.Hüseynov qeyd edib ki, ərzaq təhlükəsizliyi istehlakçı üçün ərzağın əlyetərliyi – istehlak bazarında ərzağın fiziki mövcudluğu və istehlakçının öz tələbatını ödəməsi üçün həmin ərzağı almaq, əldə etmək imkanı başa düşülür: “Yəni, ərzaq təhlükəsizliyi ərzaq məhsullarının istehlak bazarındakı miqdarı və istehlakçının alıcılıq qabiliyyətinin vəhdətidir. Ekoloji təmiz məhsul istehsalının genişləndirilməsi isə dövlətimizin qarşısında duran prioritet məsələlərdən ən ümdəsidir. Bunu üçün isə ilk növbədə əkin torpaqlarından səmərəli istifadə etmək və aqroparkların fəaliyyətində səmərəliliyin artırılması təmin edilirt. Dövlətimiz tərəfindən yaradılan aqroparkların kənd təsərrüfatında, ümumilikdə ölkə iqtisadiyyatında rolu böyükdür. Bu gün aqrar sektora vergi güzəştləri tətbiq edilir, subsidiya və güzəştli kreditlər verilir, lizinqə verilən texnika və avadanlıqlara görə güzəştlər tətbiq edilir. Statistikaya görə, hazırda ölkənin 32 rayonu üzrə 240 min hektar ərazidə ümumi dəyəri 2,1 milyard manat olan 51 aqroparkın yaradılması üzrə işlər davam etdirilir. Artıq 43 aqropark fəaliyyətə başlayıb, digərlərində isə layihələndirmə işləri aparılır. Aqroparkların təşkilinə dövlət dəstəyi göstərilir, infrastruktur təminatı yaradılır, güzəştli kreditlər verilir. Belə ki, 23 aqroparkın yaradılmasına indiyədək İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən 173 mln. manat güzəştli kredit, Nazirlik tərəfindən 27 aqroparka isə 1 mlrd. manat dəyərində investisiya təşviqi sənədi verilib. İnvestisiya təşviqi sənədi almış 25 aqroparka texnika, texnoloji avadanlıqlar və qurğuların idxalına görə bir çox təsdiqedici sənədlər verilib və bu təsdiqedici sənədlər üzrə həmin aqroparklar 32,8 mln. manat dəyərində güzəşt əldə ediblər. Aqroparklar məşğulluq səviyyəsinin artırılmasında da mühüm rol oynayır. Bu baxımdan aqroparkların ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsində rolu gücləndirilməli, sahibkarlığın inkişafı, kiçik, orta və iri təsərrüfatların qarşılıqlı faydalı əməkdaşlığı üçün əlverişli platformaya çevrilməlidir”.

Bütün xəbərlər Facebook səhifəmizdə