“Lirənin yenidən güclənməsi bizim üçün də əhəmiyyətlidir” - İQTİSADÇI-EKSPERT ŞƏRH ETDİ

“Lirənin yenidən güclənməsi bizim üçün də əhəmiyyətlidir” - İQTİSADÇI-EKSPERT ŞƏRH ETDİ

Türkiyə lirəsinin ucuzlaşması təbii ki, Türkiyə iqtisadiyyatı üçün arzuolunan deyildi. Bu sözləri SİA-ya verdiyi açıqlamasında millət vəkili, iqtisadçı-ekspert Vüqar Bayramov deyib.

İqtisadçı-ekspert vurğulayıb ki, eyni zamanda Türkiyə Azərbaycanın əsas ticarət tərəfdaşıdır və ciddi bir əməkdaşlıq, strateji qardaşlıq münasibətləri mövcuddur, o baxımdan bizim üçün də Türkiyə iqtisadiyyatında baş verənlərin xüsusi anlamı var.

“Lirənin yenidən möhkəmlənməsi Türkiyə iqtisadiyyatı üçün pozitivdir və bu da əslində, ondan xəbər verir ki, Türkiyə Mərkəzi Bankı intervensiya imkanlarından istifadə etməklə, valyuta bazarında lirənin mövqeyinin yenidən möhkəmlənməsinə nail ola bilib. Təbii ki, bu eyni zamanda valyuta bazarına daxil olan xarici valyutanın həcmindən də asılı olaraq dəyişir. Bütövlükdə Türkiyə üçün stabil lirə həm də sosial baxımından əhəmiyyətlidir.

Türkiyə Azərbaycanın ikinci ən böyük ticarət tərəfdaşıdır, iki ölkə arasındakı ticarət dövriyyəsi 4,5 milyard dollardan artıqdır. Eyni zamanda qeyri-neft sektorunda Türkiyə Azərbaycanın Rusiyadan sonra ikinci ən böyük tərəfdaşıdır. Qeyri-neft ixracatımızın təxminən 32 faizi Türkiyənin payına düşür. Ona görə də Türkiyədə lirənin stabil olması, möhkəm olması həm də bizim xarici ticarət dövriyyəmiz baxımından vacibdir və bu kontekstdən lirənin yenidən güclənməsi iqtisadi baxımından bizim üçün də əhəmiyyətli hesab olunur”, deyə Vüqar Bayramov bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə