Biznesi gücləndirən unikal bilik və bacarıqların formalaşmasında peşəkar məsləhət xidmətlərinin rolu

Yalçın Müslümov, müstəqil ekspert

İnsan kapitalının üstün rolu intensiv intellektuallaşdırma ilə səciyyələnən postsənaye iqtisadi quruluşunun ən əsas xüsusiyyətidir. İqtisadiyyatın modernləşmə imkanları, rəqabət üstünlükləri məhz adekvat təhsil, ixtisas və təcrübə formasında güclü insan potensialı hesabına yaranır. Bu səbəbdən ölkənin yeni inkişaf kursu, o cümlədən onun təkanverici qüvvəsi kimi özəl sektorun möhkəmlənməsi insan resurslarının yüksək keyfiyyətinə istinad etməlidir.

Biznesin idarə edilməsində daim mürəkkəbləşən vəzifələrin həlli bilik və bacarıqların, innovativ potensialın tez-tez dəyişən tələblərlə ayaqlaşmasını vacib edir. Sürətli qloballaşma prosesləri və beynəlxalq rəqabətin güclənməsi, müştəri ehtiyaclarının, texnologiyaların, satış bazarlarının davamlı transformasiyası şirkətləri durmadan yenilənməyə sövq edir. Hər bir yeni biznes layihəsinə start verməmişdən əvvəl onun uğurlu icrası üçün zəruri insan və maliyyə resurslarının təmin edilməsi, əsas özəlliklərinin, satış kanallarının müəyyənləşdirilməsi kimi vacib məsələlər öz kompleks həllini tapmalıdır. Fəaliyyətin mütəmadi diaqnostikası, proqnozlaşdırma, yeni texnologiyaların tətbiqi, əməletmə və nəzarət uğurlu biznesə aparan şərtlərdəndir. Bu şəraitdə idarəetmə qərarları və prosedurlarının adekvatlığı şirkətlərin rəqabətqabiliyyətliliyinin əsas determinantına çevrilir. Biznes idarəçiliyinə münasibətdə səriştəliyə, çevikliyə, qeyri-standart idarəetmə alətlərindən istifadə etmək bacarığına dair tələblər daha da sərtləşdirilir.

Ötən il beynəlxalq audit firmalarından birinin biznesin üzləşdiyi əsas çağırışlara dair keçirdiyi qlobal sorğunun nəticələri bütün bunları bir daha təsdiq edir. Əksər sorğu iştirkaçıları hazırda çevikliyi biznesin həlledici amili hesab edərək, ləngliyə yol verilməsinin şirkətləri iflasa sürüklədiyini bildiriblər. Daim dəyişən dünyaya uyğunlaşa bilməyən biznes öz mənasını itirir və bu baxımdan şirkət rəhbərləri olduqca sərt seçim qarşısında qalırlar. Yeni dövrdə dayanıqlılıq konsepsiyası artıq qısamüddətli çağırışlar əvəzinə uzunmüddətli çətinliklərin dəf edilməsinə konsentrasiya olunur. Hətta bəzi hallarda bu məqsədlə mövcud biznes modelin, stereotiplərin dağıdılması (yaradıcı dağıtma) biznesin davamlı inkişafının resepti kimi təlqin edilir.

Sahibkarlıq subyektinin ölkə daxilində fəaliyyəti ilə müqayisədə xarici bazarlara çıxışı zamanı qarşıda duran vəzifələr daha da çətinləşir. Çünki bu zaman beynəlxalq mühitlə qarşılıqlı münasibətlər çərçivəsində uzunmüddətli rəqabət üçün daha geniş diapozonlu resurs, bilik və bacarıqlar səfərbər edilməlidir.

Beynəlxalq bazarlara çıxışı hədəfləyən Azərbaycan sahibkarlarının üzləşə biləcəkləri bu cür çağırışların ram edilməsi baxımından, təbii ki, uzunmüddətli institusional həll yolu əmək bazarında tələb və təklifin adekvat tənzimlənməsindən və bu yöndə təhsil sistemi ilə sıx qarşılıqlı fəaliyyətdən keçir. Digər tərəfdən, bu yaxınlarda hökumətin bəyan etdiyi kimi, xarici bazarlara çıxışda özəl sektorun ehtiyac duyduğu bilik və bacarıqlarla bağlı dövlət tərəfindən zəruri dəstək mexanizmləri əhəmiyyətli töhfə verəcəkdir. Eyni zamanda, hesab edirəm ki, bu işdə əsas vasitələrdən biri də ölkədə fəaliyyət göstərən peşəkar məsləhətçi firmaların təklif etdiyi geniş intellektual kapitaldan daha intensiv və səmərəli istifadə ola bilər.

Yüksək işgüzar mədəniyyətin göstəricisi kimi şirkətlərin çoxçeşidli peşəkar məsləhət xidmətlərindən istifadə edərək lokal, regional və qlobal müstəvidə öz rəqabət üstünlüklərini səmərəli şəkildə gücləndirməsi normal biznes praktikası sayılır. Bu əsasda şirkətlərin fəaliyyət modelinin ekspertizası və təkmilləşdirilməsi, biznes proseslərin effektiv şəkildə yenidən təşkili, layihələrin planlaşdırılması və icrası, geniş araşdırmaların aparılması, hüquqi məsələlərin həlli, risklərin idarə olunması və s. prioritet istiqamətləri qeyd etmək olar. Məsləhətçilər biznes fəaliyyətinin ayrı-ayrı sferaları barədə dolğun nəzəri və praktiki biliklərin vacib mənbəyi kimi çıxış edir. Onlar yeni çağırışların hökm sürdüyü iqtisadi mühitə adaptiv xidmətlər paketi təklif etmək, bilikləri hər bir konkret vəziyyətə fərdi şəkildə uyğunlaşdıraraq tətbiq etmək bacarığına malikdirlər. Eyni zamanda, kənar məsləhətçilərin müxtəlif vəzifələrin həllinə fəal cəlb edilməsi şirkətlərdə idarəetmə, maliyyə, hüquq, vergitutma, marketinq, informasiya texnologiyaları, kadrların idarə olunması və s. sahələrdə çalışan mütəxəssislərin bilik və bacarıqlarının ciddi şəkildə artmasına imkan yaradır. Bütün bunlar məsləhət xidmətlərinin iqtisadiyyatın transformativ elementi kimi iqtisadi inkişafda, genişmiqyaslı islahatların reallaşdırılmasında ciddi potensial və imkanlarına dəlalət edir.

Qeyd edilənlər nəzərə alınmaqla, Azərabycan şirkətlərinin peşəkar məsləhətçi firmaların xidmətlərindən davamlı yararlana, qlobal bazarlara çıxışa yönəlik dəstək ala bilməsi üçün bu sahədəki mövcud potensial aşkar edilməli, onun maksimum reallaşması imkanları araşdırılmalıdır. Bununla bağlı meydana çıxan vəzifələr, o cümlədən məsləhət xidmətlərinin dəyərinin ödənilməsi kimi aktual məsələlər də öz həllini tapmalıdır. Peşəkar məsləhətçilərin xidmətlərindən total istifadə mexanizmi qismində ilkin olaraq, üç istiqamət üzrə fəaliyyəti təklif etmək olar:

1) öz təşəbbüsü ilə məsləhət xidmətlərinə müraciət edən şirkətlər üçün yaradılan fərdi və ya sahəvi platforma;

2) maliyyə mənbəyi müəyyənləşdirilməklə xüsusi sahəvi dəstək proqramları;

3) məsləhətçi firmaların daxili resursları hesabına müxtəlif tədbirlər.

Sonda əminliklə qeyd etmək olar ki, biznesin cəmiyyətin dayanıqlı inkişafına töhfə verən korporativ sosial məsuliyyət prizmasından yanaşmaqla bu işdə fəal iştirakı qısa müddətdə ciddi nailiyyətlərə yol açar.

Bütün xəbərlər Facebook səhifəmizdə